Son dövrlər paytaxtda avtobus sürücüləri ilə sərnişinlər arasında yaşanan gərginliklər demək olar ki, adi hala çevrilib. Sosial şəbəkələrdə yayılan görüntülərdə sürücülərin sərnişinlərlə mübahisə etməsi, emosiyalarına hakim ola bilməməsi, bəzi hallarda hətta avtobusu saxlayaraq etiraz etməsi ciddi müzakirələrə səbəb olur. Bu cür hadisələr təkcə xidmət keyfiyyəti ilə bağlı narazılıq yaratmır, həm də ictimai nəqliyyatda təhlükəsizlik məsələsini gündəmə gətirir.
Bəs sürücülərin artan gərginliyinin arxasında nə dayanır? Uzun iş saatları, fasiləsiz sükan arxasında qalmaq, sıx hərəkət, sərnişinlərlə gündəlik ünsiyyət, yoxsa başqa səbəblər?
Oxu.Az məsələ ilə bağlı aidiyyəti qurumların və ekspertlərin mövqeyini öyrənib.
Nəqliyyat eksperti Eldəniz Cəfərov Oxu.Az-a açıqlamasında bildirib ki, sürücü ilə sərnişin arasında yaranan problemlər dünyanın ən inkişaf etmiş ölkələrində də müşahidə olunur:

"Ənənəvi problemlərdən biridir, konfliktdir. Hansısa ölkədə bunun tam həll olunmasına nail olduğunu düşünmürəm. İnsanlar arasında təmas varsa, əlbəttə ki, müəyyən konfliktlər də yaranır. Burada müxtəlif qarşıdurmalar və səbəblər ola bilər. Sərnişinin tələbi ilə avtobusun qadağan olunmuş yerdə saxlanması, sürücünün soyutma sistemini vaxtında işə salmaması və yaxud yollardakı tıxaclar burada rol oynayır. Əsasən də insanların saatlarla tıxacda qalması gərginlik yaradır. Bakı şəhərində obyektiv və subyektiv səbəblərdən hər gün, istənilən vaxt tıxac yaranır. Qəfil yol bağlanar və vətəndaşlar avtobusda saatlarla qala bilərlər. Avtobusdakı sərnişin üçün tıxacın niyə yarandığı, səbəblər, baiskar maraqlı deyil. Onun gördüyü əsas şəxs sürücüdür və konflikt də məhz onunla yaranır".
Ekspertin sözlərinə görə, bəzi hallarda gərginliyin yaranmasına sürücülərin iş rejimi ilə bağlı problemlər də təsir göstərə bilər:
"Mümkündür ki, hansısa özəl daşıyıcı şirkətdə iş rejiminə riayət olunmasın. Bu məsələ ilə aidiyyəti qurumlar məşğul olmalıdırlar. Sahibkar sürücünü onun iradəsindən asılı olmayaraq daha çox işlədirsə və ya buna məcbur edirsə, bu artıq Əmək Məcəlləsi ilə bağlı məsələdir və müvafiq tədbir görülməlidir".
E.Cəfərov bildirib ki, uzun iş saatları həm sürücülər, həm də sərnişinlər üçün ciddi risk yaradır:
"Əlbəttə ki, uzun iş saatları və yorğunluq yol hərəkəti təhlükəsizliyi üçün böyük risk yaradır. Elə buna görə də ictimai nəqliyyatın avtobus seqmentində sürücülərin iş qrafikinə xüsusi diqqət yetirilir. Taksidə də bu qrafikə əməl olunsa, daha yaxşı olar. Bilirsiniz ki, ölkəmizdə fəaliyyət göstərən beynəlxalq taksi operatoru şirkətləri müxtəlif şirnikləşdirici kampaniyalarla taksi sürücülərini sutka ərzində bəzən 12-14 saat işləməyə sövq edirlər. Bu da sonradan diqqətin yayınmasına gətirib çıxarır və nəticədə qəzalar, xoşagəlməz hadisələr baş verir".
Onun sözlərinə görə, sürücü çatışmazlığı olsa belə, bu, qanunvericiliyin tələblərinin pozulmasına əsas verməməlidir:
"Ola bilər ki, iri qabaritli avtobus seqmentində sürücülərə ehtiyac daha çox olsun, amma çalışmaq lazımdır ki, bu baza həmişə lazımi səviyyədə saxlanılsın. Təlimlər vaxtında həyata keçirilsin, sürücü məktəblərində buna xüsusi diqqət yetirilsin ki, ölkədə avtobus sürücüsü çatışmazlığı yaşanmasın. Hazırda bilmirəm ki, vəziyyət necədir. Avtobus sürücüləri çatışmazlığı varmı, yoxsa bu məsələ artıq həll olunub? Amma əvvəllər belə çatışmazlıq var idi. Sürücü çatışmazlığı bizə əsas vermir ki, onları qanunvericilikdə nəzərdə tutulandan artıq işlədək".
Ekspert qeyd edib ki, sürücülərin psixoloji vəziyyətinə və sağlamlığına görə ilk növbədə daşıyıcı şirkətlər məsuliyyət daşıyırlar:
"Hər yerdə sürücülərin psixoloji vəziyyəti və sağlamlığı ilə birbaşa daşıyıcı şirkət məşğul olur. Çünki hər hansı insident baş verərsə, ilk növbədə məsuliyyət daşıyıcının üzərindədir. Dövlət qurumlarının da istənilən vaxt həmin şirkətlərdə yoxlamalar aparmaq, sorğular vermək və sürücülərlə bağlı monitorinq həyata keçirmək səlahiyyətlərii var".
E.Cəfərovun fikrincə, avtobus sürücülərinin hamısını aqressiv adlandırmaq doğru olmaz:
"Bakı şəhərində avtobus sürücüsü olmaq olduqca çətindir. Demək olmaz ki, bu sürücülərin hamısı aqressivdir. Heç bir halda belə bir termindən istifadə etmək istəməzdim. Burada aqressiyanın və konfliktin yaranma səbəbləri araşdırılmalıdır. Bəzən fərdi minik avtomobilləri avtobusun hərəkətinə imkan vermirlər. Avtobus sürücüsü sərnişinləri bir nöqtədən digərinə çatdırana qədər çox əziyyət çəkir.
Bəzi fərdi avtomobil sürücüləri isə məsuliyyətsizdir, sürücülük bacarıqları da zəifdir. Nəzərə almırlar ki, avtobus iri qabaritli nəqliyyat vasitəsidir və sərnişin daşıyır, ona yol vermək lazımdır. Bunun əvəzinə minik avtomobillərinin sürücüləri avtobusun qarşısını, sağını, solunu, arxasını kəsirlər. Çalışırlar ki, tez keçsinlər. Bu da qəza şəraiti yaradır, həm avtobus sürücüsü ilə digər sürücülər, həm də sərnişinlərlə konfliktə səbəb olur. Şəhər mühitində prioritet ictimai nəqliyyat olmalıdır. Bütün sürücülər, piyadalar və sərnişinlər avtobusun idarəçisinə şərait yaratmalıdırlar ki, o, sərnişinləri sağ-salamat mənzil başına çatdırsın".
Ekspert hesab edir ki, mövcud vəziyyət ölkədə sürücülük mədəniyyətinin və yol hərəkəti qaydaları ilə bağlı biliklərin zəif olması ilə də əlaqədardır:
"Hazırkı vəziyyət ümumilikdə ölkəmizdə sürücülük bacarıqlarının zəif olması ilə bağlıdır. İnsanların bir qismi yol hərəkəti qaydalarını, yol nişanlarını və qanunları bilmir. Piyadalar da yol hərəkəti qaydalarından xəbərsizdirlər.
Sosial şəbəkələrdə sürücülük təlimlərini müşahidə edirəm. Vəziyyət acınacaqlıdır. Təlim keçən şəxslərin bəzilərinin özünə təlim keçməyə ehtiyac var. Başa düşmürəm ki, bu insanlara necə sertifikat verilib ki, sürücülük kurslarında təlim keçirlər. Nə qaydaları, nə də qanunları bilirlər. Bu məsələ ilə ciddi məşğul olmaq lazımdır. Yaxşı olardı ki, Elm və Təhsil Nazirliyi və Dövlət Yol Polisi bu məsələyə qoşulsun. Sürücülük məktəbləri və kurslarının hansı proqram əsasında fəaliyyət göstərdiyi cəmiyyətə aydın deyil. Sürücülük bacarıqları çox aşağıdır".
O əlavə edib ki, "Yol hərəkəti haqqında" Qanunda da müasir tələblərə uyğun dəyişikliklər edilməsinə ehtiyac var:
"Mövcud qanun sovet dövrünün tələblərinə uyğun hazırlanıb. Maddələrin çoxu ikibaşlıdır və əsasən, sürücünün əleyhinə işləyir. Orada müəyyən dəyişikliklər edilməlidir.
Məsələn, qanunda yazılıb ki, dayanacaqdan çıxan avtobusa arxadan gələn nəqliyyat vasitəsi yol verməlidir. Amma eyni zamanda yazılır ki, avtobus sürücüsü də əmin olmalıdır ki, ona yol veriləcək. Bu, ikibaşlı yanaşmadır. Konkret yazılmalıdır ki, dayanacaqdan çıxan avtobusa bütün nəqliyyat vasitələri yol verməlidir. Nə qədər ki, sovet dövründən qalan "Yol hərəkəti haqqında" Qanunla hərəkət edirik, belə konfliktlər də olacaq və yol-nəqliyyat hadisələrinin sayını azaltmaq çətin olacaq".
Məsələnin psixoloji tərəfləri ilə bağlı Oxu.Az-a danışan psixoloq Fuad Əsədov qeyd edib ki, bütün peşələrdə olduğu kimi, sürücülükdə də uzun iş saatları zərərlidir.

Onun sözlərinə görə, uzun iş saatları insanda yorğunluğa, stressə, diqqətin zəifləməsinə və emosional gərginliyə səbəb olur:
"Belə olduqda insanlar problemlərə qarşı daha həssas olurlar. Stress davamlı olduqda insan özünü tənzimləmə bacarıqlarını itirir, səbirsiz olur, daha impulsiv reaksiyalar verir və emosiyalarını idarə etməkdə çətinlik yaşayır.
Həmişə belə bir söz deyirlər ki, ən çətin peşələr insan fokuslu sahələrdir. Avtobus sürücüləri də bu peşədə çalışan şəxslərdir. Bir gün ərzində onlar yüzlərlə insanla ünsiyyətdə olurlar. Nəzərə alaq ki, bu sərnişinlərin içərisində mədənisi də olur, kobudu da, sərxoşu da, söyüş söyəni də, cinayətkarı da və s. Buna görə də avtobus sürücüləri emosional tükənmə yaşamaq baxımından risk qrupunda olan insanlardır".
Psixoloq bildirib ki, gün ərzində təkrarlanan neqativ hadisələr sürücülərin psixoloji vəziyyətinə ciddi təsir göstərir:
"Aydın məsələdir ki, bir nəfər sizinlə kobud danışdıqda bu, bütün gün boyu təsir göstərir. Siz ya əsəbləşirsiniz, stress yaşayırsınız, məyus olursunuz, ya da ümumiyyətlə, özünüzü təhlükədə hiss edirsiniz. Avtobus sürücüləri bəzən bu cür hadisələrlə bəlkə də gündə on dəfə rastlaşırlar. Aydın məsələdir ki, bu cür təkrarlanan neqativ hadisələr uzunmüddətli emosional gərginliyi artırır və psixoloji sağlamlığa da mənfi təsir göstərir".
F.Əsədovun sözlərinə görə, tıxac və yol şəraiti də sürücülərin psixoloji yükünü artıran amillərdəndir:
"Üstəlik sıxlıq, tıxac, yolda yaranan problemlər də avtobus sürücüsünün koqnitiv yükünü əhəmiyyətli dərəcədə artırır. O, eyni anda həm yol vəziyyətini izləməlidir, qrafikə əməl etməlidir, sərnişinlərin təhlükəsizliyini həyata keçirməlidir və digər sürücülərin davranışına uyğunlaşmalıdır. Bu qədər paralel məsuliyyət stress səviyyəsini yüksəldə bilər. Təbii ki, bu da psixoloji yorğunluğa səbəb olur, diqqətin davamlılığını azaldır və qərarverməni zəiflədə bilər. Nəticədə təhlükəli situasiyaların vaxtında qiymətləndirilməsi çətinləşir, yol hərəkəti təhlükəsizliyi baxımından risk yaranır".
O qeyd edib ki, bir çox ölkələrdə avtobus sürücülərinin psixoloji sağlamlığının qorunması üçün xüsusi proqramlar tətbiq edilir:
"Bir çox ölkələrdə avtobus sürücülərinə psixoloji dəstək proqramları tətbiq olunur və onların psixoloji sağlamlığı mütəmadi olaraq yoxlanılır. Əgər nəsə aşkarlanarsa, onlar məcburi şəkildə psixoloqa göndərilir və sadəcə psixoloji cəhətdən sağlam olan insanlar bu işdə qalırlar. Bu proqram Azərbaycanda da olsa, çox yaxşı olardı. Məsələn, xaricdə "Employee Assistance Programs" var və bu proqram əməkdaşlara dəstək olmaq, onları psixoloji məsləhət xidmətləri ilə təmin etmək üçün nəzərdə tutulub".
Psixoloq hesab edir ki, həm işəgötürənlər, həm də dövlət qurumları bu istiqamətdə müvafiq addımlar atmalıdırlar:
"İşəgötürənlər də, dövlət qurumları da bu sahədə uyğun prosesləri həyata keçirməlidirlər. İş qrafikinin optimal təşkili, kifayət qədər istirahət imkanlarının yaradılması, psixoloji dəstək xidmətlərinin təşkili, təhlükəsiz iş mühitinin təmin olunması, sürücülər üçün stressin idarə olunması ilə bağlı təlimlərin keçirilməsi və zorakılığa qarşı effektiv hüquqi mexanizmlərin tətbiqi vacib məsələlərdir.
Eyni zamanda sərnişin də özündə məsuliyyət hiss etməlidir, sürücüyə hörmətlə yanaşmalıdır, lazımsız söhbət və mübahisələrdən yayınmalıdır. Çünki o, sürücünü məşğul edəndə nəzərə almalıdır ki, öz təhlükəsizliyini də riskə atmış olur. Qarşılıqlı hörmət etmək lazımdır".
F.Əsədov sonda cəmiyyətdə sosial şəbəkələrdə linç mədəniyyətinin də aradan qaldırılmasının vacibliyini vurğulayıb:
"Fürsətdən istifadə edib demək istəyirəm ki, ümumiyyətlə, bizim cəmiyyət bu vərdişini yavaş-yavaş tərgitsə, yaxşı olar. Yəni məsələn, sürücünü videoya çəkib paylaşmaq heç xoş hərəkət deyil. Söhbət təkcə son hadisədən də getmir - nəyisə çəkib paylaşıb tənqid etmək, insanları təşviq etmək ki, bir nəfərin üstünə düşsünlər, onu söysünlər, təhqir etsinlər… Bu cür davranışları tərgitmək və daha humanist davranmaq lazımdır".
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, avtobus sürücülərinin işə qəbulu daşıyıcı şirkətlər tərəfindən həyata keçirilir.

Qurumdan qeyd olunub ki, daşıyıcılar sürücülərlə bağlı tələbləri özləri müəyyənləşdirirlər:
"İri daşıyıcılar tərəfindən sürücülər təlimlərə cəlb edilərək işə götürülür. İşə götürmə prosesi Əmək Məcəlləsinə və digər normativ-hüquqi aktların tələblərinə uyğun təmin edilir".
AYNA-nın məlumatına görə, daşıyıcı şirkətlərlə keçirilən görüşlərdə bu məsələ mütəmadi olaraq diqqətə çatdırılır:
"Mütəmadi olaraq onlara müvafiq tövsiyələr verilir. Bununla bağlı daşıyıcılara AYNA tərəfindən tövsiyə məktubları da göndərilib".
Qurumdan o da bildirilib ki, Agentliyin Təlim-Tədris Mərkəzində avtobus sürücüləri üçün nəzəri və praktiki təlimlər təşkil olunur:
"Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Təlim-Tədris Mərkəzində avtobus sürücüləri üçün təlimlər keçirilir. Burada sürücülər peşə fəaliyyəti, davranış qaydaları üzrə nəzəri və praktiki təlimlərə cəlb olunurlar. Təlimlər sürücülük bacarıqları ilə yanaşı, etik davranış, ünsiyyət mədəniyyəti və təhlükəsizlik mövzularını əhatə edir. AYNA sürücülərin emosional vəziyyətlərinin idarə olunması, eləcə də daşımalarda etik davranış qaydalarına riayət olunması sahəsində müxtəlif tədbirlər həyata keçirir".
Dövlət operatoru olan "BakuBus" MMC-dən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, müəssisədə avtobus sürücülərinin iş rejimi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin tələblərinə uyğun olaraq tənzimlənir.

Qurumun məlumatına görə, sürücülərin gündəlik iş müddəti 8 saat, həftəlik iş müddəti isə 40 saatdan artıq olmur.
MMC-dən qeyd edilib ki, sürücülərin növbə ərzində istirahət müddəti yerinə yetirdikləri dövriyyələrin sayına uyğun olaraq son dayanacaq məntəqələrində təşkil edilir:
"Marşrutun dövriyyəsindən asılı olaraq bu müddət, əsasən, 10-15 dəqiqə olur. Sürücülər növbəli iş qrafiki əsasında fəaliyyət göstərirlər. İş qrafiki əmək qanunvericiliyinin tələblərinə uyğun tərtib olunur və əməkdaşlara həftədə iki gün istirahət verilir. Sürücülərin iş və istirahət rejiminə nəzarət Əmək Məcəlləsinin tələblərinə və müəssisədaxili qaydalara uyğun olaraq həyata keçirilir. Bu prosesin icrasına mütəmadi nəzarət edilir".
"BakuBus"dan o da bildirilib ki, hazırda Bakı şəhərində 57, Gəncə şəhərində 20, Xankəndi şəhərində 3 şəhərdaxili, həmçinin 6 şəhərlərarası marşrut xətti üzrə fəaliyyət göstərir:
"Hər gün orta hesabla 1 100 avtobus xəttə buraxılır və sərnişindaşıma xidməti 3 081 sürücü tərəfindən həyata keçirilir. Sürücü davranışı ilə bağlı müraciətlərin sayında artım qeydə alınmayıb.
Belə geniş fəaliyyət miqyasında ayrı-ayrı hallarla bağlı müraciətlər daxil olsa da, statistik göstəricilər ötən ilin müvafiq dövrü ilə müqayisədə sürücü davranışı ilə bağlı müraciətlərin sayında təxminən 5 faiz azalma olduğunu göstərir. Daxil olan hər bir müraciət operativ qaydada araşdırılır və nəticəsinə uyğun tədbirlər görülür.
Daxil olan müraciətlər mütəmadi təhlil edilir. Bunun nəticələrinə əsasən sürücülər üçün davranış qaydaları, sərnişinlərlə ünsiyyət, münaqişələrin idarə olunması, etik davranış və xidmət keyfiyyətinin artırılması mövzularında müntəzəm təlimlər təşkil edilir".
MMC-dən bildirilib ki, sürücülər işə qəbul olunmazdan əvvəl kompleks tibbi müayinədən keçirlər:
"Bu müayinələr çərçivəsində psixoloji qiymətləndirmə, narkoloji və digər zəruri tibbi yoxlamalar aparılır. Bundan əlavə, fəaliyyət göstərən bütün sürücülər ildə bir dəfə dövri tibbi müayinədən keçirilir.
Sürücülərdə yorğunluq və ya psixoloji gərginlik əlamətləri müşahidə olunduqda dərhal müvafiq tədbirlər görülür. Sürücüdə yorğunluq və ya psixoloji gərginlik əlamətləri müşahidə edildiyi və ya bununla bağlı məlumat daxil olduğu hallarda məsələ aidiyyəti struktur bölmələri tərəfindən araşdırılır. Qiymətləndirmənin nəticəsinə uyğun olaraq sürücünün iş növbəsi və ya fəaliyyət göstərdiyi marşrut dəyişdirilə, zərurət olduqda isə onunla profilaktik söhbətlər aparılaraq əlavə tibbi və psixoloji qiymətləndirməyə cəlb olunması təmin edilir".
Şirkətdən o da bildirilib ki, sürücülərin peşə hazırlığının və sərnişin təhlükəsizliyinin artırılması istiqamətində mütəmadi təlimlər keçirilir:
"Təlimlər çərçivəsində sərnişinlərə ilkin tibbi yardımın göstərilməsi, fövqəladə hallarda avtobusun təhlükəsiz təxliyəsi, yanğınsöndürmə vasitələrindən düzgün istifadə, təhlükəsiz idarəetmə, etik davranış qaydaları və sərnişinlərlə effektiv ünsiyyət mövzuları əhatə olunur".
Aparıcı daşıyıcı şirkətlərdən olan "Xaliq Faiqoğlu" MMC-dən isə Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, marşrut xətlərində çalışan sürücülərin iş saatı əmək qanunvericiliyinin tələblərinə uyğun müəyyən edilir.

Şirkətdən qeyd olunub ki, sürücülər dövriyyənin sonunda iş qrafikinə uyğun şəkildə istirahət edirlər:
"Sürücülər hər dövriyyənin sonunda iş qrafikinə uyğun olaraq istirahət vaxtı əldə edirlər. Bu vaxt dövriyyə sonunda adətən 10-20 dəqiqə olur. Onların istirahət və məzuniyyət günləri də qanunvericiliyə uyğun tənzimlənir, istirahət və məzuniyyət günləri qanunvericiliyə uyğun olaraq tənzimlənir".
"Xaliq Faiqoğlu" MMC-dən qeyd edilib ki, sürücülərlə bağlı daxil olan şikayətlərin böyük hissəsi yay aylarında avtobusların havalandırma sistemləri ilə əlaqədar olur:
"Yay aylarının əvvəlində əsasən avtobusların havalandırma və sərinlətmə sistemlərinin qoşulub-qoşulmaması ilə bağlı şikayətlər olur. Bütün avtobuslarda kondisionerlərin qoşulması ilə artıq bu şikayətlər kəskin azalır.
Sərnişin məmnuniyyəti və ictimaiyyətlə əlaqələrin təşkili məqsədilə mütəmadi olaraq sorğular keçirilir, həmçinin sosial media kanalları vasitəsilə birbaşa əlaqələr təmin edilir".
Şirkətdən vurğulanıb ki, sürücülər işə qəbul olunarkən hərtərəfli tibbi müayinədən keçirilirlər:
"Bundan başqa hər gün sürücülər alkoqol testindən keçirilir, qan təzyiqləri, temperaturları nəzarətdə saxlanılır. Səhhətində problem olan sürücülər işə buraxılmır və tibb məntəqəsinə yönləndirilir və ya əlavə istirahət verilir. Onların sağlamlığının qorunması istiqamətində əlavə tədbirlər görülür. Tərəfimizdən klinikaların biri ilə müqavilə imzalanıb. Bu çərçivədə sürücülərin səhhətinin ətraflı yoxlanması ilə yanaşı, ixtisaslı psixoloqların iştirakı ilə seminarlar, görüşlər təşkil edilir".