Bakının Nəsimi rayonunda qətl hadisəsi törədilib.
Cinayətin qurbanı mahnı müsabiqələrindən birinin iştirakçısı, Tərtər rayon sakini Samir Mürşüd oğlu Mustafayevdir.
Mustafayevin üzərində bir neçə bıçaq yarası olan cəsədi dünən axşam, BMW avtoservisinin qarşısında aşkarlanıb.
Lakin yerli mətbuatda ilk olaraq öldürülmüş Samir Mustafayev Prezident yanında Dövlət İdarəçilik Akademiyasının tələbəsi, tələbələr arasında “Univision” mahnı müsabiqəsinin iştirakçısı olduğu yazılmağa başladı.
Oxu.Az-ın əməkdaşı xəbərə şəkil seçmək üçün Samir Mustafayevin “Facebook”dakı şəxsi profilinə daxil olarkən isə aşağıdakı məlumatla yazı ilə qarşılaşıb:
“Məni bir qədər əvvəl öldürdülər, utanın!”.
Sən demə, hadisə nəticəsində öldürülən Samir Mustafayev və “Univision” müsabiqəsinin iştirakçısı olan Samir Mustafayev ayrı-ayrı şəxslərdir və onları ümumi ad-soyaddan başqa heç bir şey birləşdirmir. Məsələ ilə bağlı yazdığı statusda “ölmüş” gənc məhkəməyə müraciət edəcəyini də vurğulayıb. Qətlə yetirilmiş 26 yaşlı Tərtər sakini Samir Mustafayevin isə “Univision” müsabiqəsinə heç bir aidiyyatı yoxdur.
Qeyd edək ki, gəncin mətbuat tərəfindən “öldürülməsi” ilə bağlı narazılıq etməsinə baxmayaraq, bəzi saytlar bu ölüm hadisəsi ilə bağlı hələ də əslində sağ-salamat olan Samir Mustafayevin şəklini yaymaqdadırlar.
www.oxu.az