İranda prezident seçkilərinin qalibi olmuş islahatçı kimi tanınan Həsən Ruhani sensasion bəyanatlar səsləndirməkdə davam edir.
Bu dəfə o, İslam Respublikasının gündəlik həyatının liberallaşmasının zəruriliyini bəyan edib. Prezident kürsüsünə oturmağa hazırlaşan Ruhani iranlıların gündəlik həyatlarına olan sərt qadağaların aradan qaldırılması təşəbbüsü ilə çıxış edib.
“Bizə güclü cəmiyyət lazımdır. Bizə insanlarla danışmaq gərəkdir. Onların fikirlərinə qulaq asmaq gərəkdir. Hakimiyyətin total ağalığını zəiflətmək gərəkdir. Əgər bizim qüdrətli və ixtisaslaşmış hökumətimiz varsa, bu o demək deyil ki, baş verənlərin hamısına nəzarət etməlidir” - deyə prezident vurğulayıb.
Oxu.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, analitiklərdə daha çox güclü təsir yaradan Ruhaninin hicab taxmayan qadınlara qarşı olan münasibəti ilə bağlı olub.
Ruhani bildirib ki, heç də həmişə mühafizəkar geyinən qadınlar özlərini layiqincə aparmırlar:
“Bir çox hallarda elə olur ki, hicab taxmayan qadınlar özlərini hicablılardan daha yaxşı aparır”.
Yeni seçilən prezident həmçinin dini polisin fəaliyyətini də tənqid edib. O, mövcud qaydalara uyğun geyinməyən qadınlara qarşı sərt hərəkətlər edən həmin qurumun əməkdaşlarının fəaliyyətini qənaətbəxş saymayıb. Bundan əlavə Ruhani qadınların ölkənin iqtisadi və siyasi həyatında hüquqlarının məhdudlaşdırılmasına, eləcə də oğlan və qızarın ayrı-ayrı yerlərdə təhsil almasına qarşı çıxıb.
Həsən Ruhanini özündən çıxaran hal senzura ilə bağlı olub. O, incəsənət azadlıqlarını genişləndirəcəyini, senzuranı azaldacağını, mədəni və bədii sahədə, İnternet və kütləvi informasiya vasitələrinə olan hücumların qarşısını alacağını vəd edib. Gələcək prezidentin sözlərinə görə, internet saytlar üzərində indiki filtrasiya sistemi hökumətlə xalq arasında etimadsızlıq səddi yaradır. O, əminliklə bildirib ki, İnternet üzərində senzuranın tətbiq etməyin heç bir faydası yoxdur. Sonra isə ritorik bir sualla çıxış edib:
“Rəqəmsal inqilab dövründə informasiya məhdudiyyəti şəraitində yaşamaq, idarə etmək və fəaliyyət göstərmək mümkün deyil. Baxaq görək sərt qaydaların tərəfdarları olanlar hansı informasiyanın məxfiliyini qoruyub saxlaya biliblər. İranın indiki hakimiyyət orqanları bir çox internet-saytlar, o cümlədən sosial şəbəkələr üzərində məhdudiyyətlər tətbiq ediblər. Lakin iranlılar bu məhdudiyyətlərin üzərindən xüsusilə proqram təminatları vasitəsilə keçirlər. Bu həm də əcnəbi telekanallara da daxildir. Bu səbəbdən də əhali gizli şəkildə peyk antenaları quraşdırırlar”.