“Son zamanlar koronavirus sosial şəbəkələrdə geniş müzakirə mövzusuna çevrilib. Bəzən sosial şəbəkə istifadəçiləri fərqinə varmadan cəmiyyətə yanlış məlumatlar aşılamağa çalışırlar. Fikirləşmirlər ki, hər hansı dezinformasiya cəmiyyətdə mənasız təşviş və həyəcanın yaranmasına səbəb olur”.
Bunu Terapevtik Klinikanın direktoru Samir Allahverdiyev sosial şəbəkələrdə yayılan xəbərlərə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, koronavirusla bağlı sosial şəbəkələrdə Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının da adı əsasız şəkildə hallandırılır:
“Guya klinikamızda koronovirus şübhəsi olan xəstə müalicə alır. Amma bu barədə yazılan informasiyalar həqiqəti əks etdirmir. Klinikamızda nəinki koronavirus şübhəsi olan xəstə, heç hərarəti olan xəstə belə yoxdur. Əgər bizə yüksək hərarətli xəstə müraciət edərsə, biz onu qəbul etmir, 1 Saylı Şəhər Klinik Xəstəxanasına yönləndiririk.
Bizdə nə infeksiya şöbə fəaliyyət göstərir, nə də infeksionist həkimimiz var. Belə bir şəraitimiz olmadığından, koronavirus şübhəli xəstələri klinikamıza qəbul etmək imkanımız yoxdur”, – deyə direktor əlavə edib.
O, sosial şəbəkə istifadəçilərini heç bir əsas olmadan yalan informasiyalar yaymamağa, əhalini bu cür dezinformasiyalara inanmamağa dəvət edib.
