Türkiyənin Muğla bölgəsinin Bodrum qəsəbəsi yaxınlığında bir Azərbaycan və iki Suriya vətəndaşı sürətli yaxtanı qaçıraraq Yunanıstana keçməyə cəhd edib.
Oxu.Az Virtualaz.org saytına istinasdən xəbər verir ki, yaxtanın aşması nəticəsində bu cəhd baş tutmayıb.
Türkiyə KİV-ləri xəbər verir ki, Bodrum Akyarlar məhəlləsi, Hüseyn burnu yaxınlığından iki günlüyə kirayə götürdükləri yaxtaya minən 2 Suriya, 1 Azərbaycan vətəndaşı dənizə çıxaraq Yunanıstanın sahildən 6 mil məsafədəki Kos adasına üzməyə cəhd edib.
Gecə saat 03:20 radələrində yaxtanı dalğalar sahildən 2 mil məsafədə aşırıb, azərbaycanlı və iki suriyalı dənizə düşüb. Türkiyənin sahil mühafizə xidmətinin xilasediciləri onları xilas edə biliblər.
Həmin şəxslər Bodrum dövlət xəstəxanasına aparılıb və müayinə edilib. Sağlıq durumları normal olan qaçaqlardan 28 yaşlı suriyalı Abdervahman Mabudi ifadəsində deyib ki, sürətli yaxtanı 2 günlüyə kirayə götürmüşdülər.
“Kos adasına getmək istəyirdik. Ancaq yaxtanı idarə edən yoldaşımız Türkiyə və Yunanıstan sahil mühafizə katerlərini görəndə təşvişə düşüb sürəti artırdı. Ardınca gələn dalğa yaxtanı aşırdı. Dənizə düşdük və sahil mühafizə xidmətinin xilasediciləri bizi xilas etdilər” - deyə o bildirib.