Azərbaycanda ovçuluqla məşğul olan şəxslərə necə nəzarət olunur və hansı şəxslərə bunun üçün icazə verilir?
Oxu.Az xəbər verir ki, məsələ ilə bağlı Trend-ə açıqlama verən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji müxtəlifliyin qorunması və xüsusi mühafizə olunan təbiət ərazilərinin inkişafı departamentinin direktor əvəzi Hikmət Əlizadə ovçuluqla məşğul olan şəxslərə nəzarət və il ərzində bu istiqamətdə həyata keçirilən tədbirlərdən danışıb.
“Ov mövsümünə hazırlaşan şəxs hansı heyvan növünü ovlamaq istəyirsə, bunun üçün nazirliyə və ya əlaqədar rayon şöbələrinə müraciət etməlidir. Hər heyvanı ovlamanın da ayrıca rüsumu var. Həmin rüsumlar ödənildikdən sonra ovçu ov etməyə icazə alır. Nazirlər Kabinetinin 2004-cü il tarixli qərarı ilə hər bir ov heyvanının vurulması üçün rüsum müəyyənləşdirilib. Bu məbləğ quşlar üçün 1 manatdan 4 manata qədər dəyişir. Digər vəhşi heyvanlarla bağlı isə daha yüksək məbləğ müəyyən edilib”.
Nazirlik rəsmisi deyib ki, limit bitdikdən sonra ov edən şəxs yaxalanarsa, onun barəsində ölçü götürülür və cərimələnir:
“Hazırda Azərbaycanda təxminən 4000 nəfər “Ovçuluq bileti” ilə təmin edilib. Buna baxmayaraq, ölkədə qanunsuz ov edənlər də var və bu şəxslərlə bağlı mübarizə tədbirləri davam etdirilir. Bizdə cəmi 4000-ə yaxın şəxsə “Ovçuluq bileti” verilib, qalanları qanunsuz ovla məşğuldurlar”.
H.Əlizadə bildirib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi qanunsuz ovçuluqla məşğul olan şəxslərlə mütəmadi mübarizə aparır:
“Ötən il Azərbaycanda qanunsuz ovla məşğul olan 16 əcnəbi vətəndaş saxlanılıb. Saxlanılanların hər birinə 2 min manat məbləğində cərimə tətbiq edilib. Bununla yanaşı, həmin şəxslərin ölkədən deportasiya edilməsi üçün Dövlət Miqrasiya Xidmətinə müraciət olunub”.
O əlavə edib ki, xarici vətəndaşlarla yanaşı, ölkə vətəndaşları da qanunsuz ovla məşğul olurlar: “Keçirilən reydlər nəticəsində saxlanılan şəxslərin ova gəlməsi sübut olunarsa, onlar 1000 manatdan 2000 manata qədər cərimələnir, əgər həmin şəxs ovla yaxalanıbsa, vurduğu heyvana görə əlavə cərimə ödəyir. 2016-cı ildə ölkədə 213 yerli vətəndaş qanunsuz ov etdiyi üçün saxlanılıb. Onlardan ümumilikdə 193 ov tüfəngi, 632 patron aşkar edilərək götürülüb. Həmin şəxslər ümumilikdə 193 min 317 manat cərimə edilib”.
H.Əlizadənin sözlərinə görə, Azərbaycana xarici ölkələrdən, xüsusən də ərəb ölkələrindən ova gələnlər var: “Həmin şəxslər Azərbaycanda ov sahəsində fəaliyyət göstərən şirkətlərin vasitəsilə gəlir. Bu şəxslərin ov qaydalarına riayət etməsi barədə nazirliyə müraciət edən şirkətlər öhdəlik götürür və onları qaydalarla təlimatlandırır. Ötən il 200 nəfər xarici vətəndaş Azərbaycanda ov etmək üçün icazə alıb”.
Nazirlik rəsmisi ov mövsümü üçün tətbiq edilən limiti də açıqlayıb: “Ötən il yerli vətəndaşlar üçün quş ovuna 700, dovşan ovuna 580, çöl donuzu ovuna 16, Dağıstan turunun ovuna isə 10 icazə verilib. Ötən il quş, dovşan və digər heyvanların ovlanması üçün xarici vətəndaşlara verilən icazələrin sayı isə 200 olub”.
A.M.