Lənkəran rayon sakini Elşad Salayevin idarə etdiyi VAZ markalı avtomobil Liman şəhəri ərazisində hərəkətdə olarkən nəqliyyat vasitəsi anidən yoldan çıxaraq ağaca çırpılıb.
Oxu.Az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) açıqlama yayıb.
Belə ki, Sabunçu rayonu, Maştağa qəsəbəsi ərazisində də oxşar hadisə qeydə alınıb. Belə ki, paytaxt sakini Davud Salamov "Ford" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirərək yoldan çıxıb və yaxınlıqdakı ticarət obyektinə zərər vurub.
Hər iki hadisədə ölən sürücülərin ürək çatışmazlığından əziyyət çəkdikləri bildirilib:
"Son vaxtlar havaların isinməsi fonunda analoji hadisələrin sayının artmasını nəzərə alaraq, bir daha sürücülərin diqqətinə çatdırırıq ki, səhhətlərində ciddi problemlər olduğu təqdirdə nəqliyyat vasitəsini idarə etməkdən çəkinsinlər. Çünki hərəkət zamanı baş verən qəfil səhhət pisləşməsi sürücünün nəqliyyat vasitəsi üzərində nəzarəti itirməsinə, ağır yol-nəqliyyat hadisələrinin baş verməsinə səbəb ola bilər".
Baş Dövlət Yol Polisi İdarəsi səhhətində ciddi problem olan şəxsləri sükan arxasına keçməməyə, ailə üzvlərini isə belə hallara biganə qalmamağa çağırır. Unutmaq olmaz ki, bəzən bir nəfərin verdiyi yanlış qərar yolda heç bir günahı olmayan insanların həyatına son qoya bilər.