“Cəzaçəkmə müəssisələrində koronavirusa yoluxan məhbusların bir qismi nəzarət altındadır, digərləri tibb müəsissələrində müalicəyə cəlb edilir”.
Oxu.Az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.
Sədrin sözlərinə görə, həbsxanalarda yoluxma halı məhbusların tibb müəssisələrində koronavirusa yoluxması nəticəsində olub:
“Bu, bizim fikirlərimiz arasında ön plandadır. Mart ayının əvvəlindən qapalı cəzaçəkmə müəssisələrinə giriş-çıxış bağlı elan edilib. Buraya gedən əməkdaşlar və çalışanlar da xüsusi rejimə əməl edirlər. Amma xroniki xəstələrin tibb müəssisələrində yoluxması ön plandadır”.
“İmmun sisteminin zəifliyi nəticəsində yoluxma yüksəkdir. Qapalı müəssisəyə infeksiya daşındıqda virusun yoluxma qabiliyyəti yüksək olur. Yaxın təmas nəticəsində yoluxma artır. Virusa yoluxmanın qarşısını almaq üçün müvafiq qurumlar birgə xidmət göstərir”, - deyə o əlavə edib.
İlhamə Əbülfət