Paytaxtın Binəqədi rayonunda yerləşən Keyrəki palçıq vulkanı püskürüb.
Oxu.Az Xəzər TV-yə istinadən məlumat verir ki, vulkan püskürmə məhsulları3,5 hektara yaxın əraziyə yayılıb.
Xaric olmuş püskürmə məhsullarının qalınlığı mərkəzdə 3 metrə yaxın, kənarlarda isə 20-30 santimetr təşkil edib.
Yaxınlıqda yaşayan sakinlərin sözlərinə görə , püskürmə zamanı bəzi evlərdə çatlar əmələ gəlib.
Geologiya və Geofizika Institutunun elmi işçisi Orxan Abbasov deyir ki, bu palçıq vulkanı nəinki Azərbaycanda, hətta dünyada ən təhlükəli palçıq vulkanları sırasındadır.
Elmi işçinin sözlərinə görə, palçıq vulkanları ilə tikinti obyektləri arasında ən azı 2 km-dən artıq məsafə olmalıdır. Ancaq həmin ərazidə tikilən evlər palçıq vulkanına 2 km-lik məsafədən yaxındır. Vulkanın yenidən püskürmə ehtimalı da var.
Orxan Abbasov bildirib ki, palçıq vulkanının riskləri ilə bağlı mütəmadi olaraq aidiyyati qurumlara xəbərdarlıq edilir.
12.06.2017 12:41
Bu gün saat 7:00 radələrində Keyrəki palçıq vulkanında püskürmə baş verib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, vulkanın püskürməsi ümumən 15 dəqiqəyə yaxın olub.
Vulkan püskürmə məhsulları şimal, şimal-şərq və şərq istiqamətlərində iki dil vasitəsilə 3,5 hektara yaxın əraziyə yayılıb. Püskürmə zamanı xaric olmuş püskürmə məhsullarının qalınlığı vulkan krateri zonasında 3 metrə yaxın, kənarlarında isə 0,2-0,3 metr təşkil edib.
Keyrəki palçıq vulkanı Bakı şəhərindən 12 km şimalda yerləşir. Qeyd edək ki, püskürmə zamanı yaxınlıqda yerləşən yaşayış məntəqələrinə hər hansı ziyan dəyməyib. Vulkanın yerləşdiyi tektonik çat zonasında bir neçə fəaliyyətdə olan palçıq vulkanı mövcuddur və onların da aktivləşmə ehtimalı artıb.
Hazırda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri tərəfindən püskürmə və onun nəticələri öyrənilir, müvafiq monitorinqlər həyata keçirilir.
Qeyd edək ki, Keyrəki palçıq vulkanı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğu”nun ərazisinə daxildir.
Bu günədək vulkan 18 dəfə püskürüb. Sonuncu dəfə vulkanın püskürməsi 2014-cü ildə qeydə alınıb
E.Ə.
www.oxu.az