"2026-cı ilin sentyabr ayından etibarən ixracatçılar logistika sahəsində hökumətin dəstəyindən faydalanacaqlar".
Oxu.Az xəbər verir ki, bunu Azərbaycan İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev Qara Dəniz Ticarət və İnkişaf Bankının (QDTİB) Rəhbərlər Şurasının 28-ci İllik Toplantısı çərçivəsində Biznes Forumunda "Azərbaycanın növbəti inkişaf mərhələsinin maliyyələşdirilməsi: Şaxələndirmə, əlaqələndirmə və regional dəyər zəncirləri" adlı panel müzakirəsi zamanı deyib.
O bildirib ki, hökumət məhsulları yeni bazarlara ixrac edərkən logistika xərclərinin müəyyən hissəsini qarşılayacaq və ya subsidiyalaşdıracaq:
"Düşünürəm ki, bu, çox vacib addımdır. Çünki biz bunu ixracatçılarımıza yeni bazarlara çıxışda kömək edəcək çox güclü alət hesab edirik.
Əlbəttə, digər dəstək mexanizmləri də var. Beynəlxalq sərgilərin təşkili, ixrac və idxal missiyalarının həyata keçirilməsi iqtisadiyyatımızın beynəlxalq arenada tanıdılması baxımından da olduqca önəmlidir".