Yol-nəqliyyat hadisəsində bir nəfərin ölümü və digərinin xəsarət almasında təqsirləndirilən "Arzum 9999" ləqəbli bloqer İlduzə Hacıyevanın cinayət işi üzrə məhkəməsi keçirilib.
Oxu.Az-ın məlumatına görə, Xəzər Rayon Məhkəməsində prosesin ilkin mərhələsində İlduzə Hacıyevanın vəkili Hikmət Əliyev müdafiə çıxışı zamanı vəsatətlə çıxış edərək mövcud cinayət işinin yenidən ibtidai istintaqa qaytarılmasını və yenidən hadisə yerinə baxış keçirilməsini istəyib.
Prokuror isə, öz növbəsində, bu vəsatətə etirazını bildirərək vəsatətin təmin olunmamasını təklif edib.
Məhkəmə yerində müşavirə keçirərək vəsatəti təmin etməyib.
Vəkillərin müdafiə çıxışlarından sonra İlduzə Hacıyevaya son çıxış üçün söz verilib.
İlduzə Hacıyeva çıxışı zamanı özünü təqsirli bilmədiyini deyərək səbəbsiz yerə 6 ay azyaşlı övladlarından ayrı qaldığını bildirib.
Müşavirədən sonra hökm elan edilərək İlduzə Hacıyeva 2 il 6 ay sürücülük hüququndan məhrum edilməklə 5 il 2 ay azadlıqdan məhrum olunub. O, məhkəmə zalından həbs edilib.
Xatırladaq ki, ötən prosesdə prokuror dövlət ittihamının müdafiəsi zamanı İlduzə Hacıyevanın 5 il 9 ay azadlıqdan məhrum edilməsini və onun məhkəmə zalından həbs olunmasını məhkəməyə təklif etmişdi.
Qeyd edək ki, hadisə 2025-ci ilin iyununda paytaxtın Xəzər rayonu, Mərdəkan qəsəbəsində qeydə alınıb. Qəza nəticəsində qarşı tərəfdən bir nəfər ölüb, digəri isə ağır xəsarət alıb.
Onu da qeyd edək ki, istintaq zamanı bloqer Arzum barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilib.
"Arzum 9999" ləqəbli bloqerə qarşı Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və ya nəqliyyat vasitəsinin istismarı qaydalarının pozulması - ölümlə nəticələndikdə) və 264-cü (yol-nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə ittiham irəli sürülüb.
Elgün Həsənli