"Bakı Metropoliteni"ndə "qırmızı" və "yaşıl" xətlərin ayrılması layihəsinin əsas tikinti mərhələsinə başlanılır.
Avqustun 15-dən etibarən layihə çərçivəsində tikinti işlərinə start veriləcək. İşlərin təxminən 10-11 ay davam edəcəyi gözlənilir. Bu müddət ərzində Nizami-28 May stansiyaları arasında qatarların hərəkəti olmayacaq.
Layihə Prezident İlham Əliyevin sərəncamı ilə təsdiqlənən "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı"na əsasən həyata keçirilir.
Əsas məqsəd "qırmızı" və "yaşıl" xətlər arasında mövcud asılılığı aradan qaldırmaq, stansiyalarda sıxlığı azaltmaq, qatarlararası intervalı minimuma endirmək və metroda hərəkətin dayanıqlılığını təmin etməkdir.
Nəqliyyat üzrə ekspert Rauf Ağamirzəyev bildirib ki, hazırda iki xəttin bir stansiyada kəsişməsi və üç istiqamətin iki depodan idarə olunması texniki baxımdan müəyyən məhdudiyyətlər yaradır:
"Şəhər böyüyür, amma bunlar metronun inkişafını əngəlləyən elementlərdir və bu boşluğu aradan qaldırmaq üçün xətlərin ayrılması layihəsinə start verilir".
Ekspert Eldəniz Cəfərov da layihənin metroda daşıma imkanlarının artırılmasına müsbət təsir göstərəcəyini düşünür.
Onun sözlərinə görə, xətlərin müstəqil fəaliyyət göstərməsi hər bir istiqamətdə qatarların hərəkətinin daha çevik idarə olunmasına, intervalların optimallaşdırılmasına və sərnişin sıxlığının daha effektiv tənzimlənməsinə şərait yaradacaq.