Yaxın illərdə Bakı Metropolitenində həyata keçiriləcək genişləndirmə layihəsi nəticəsində metronun illik sərnişin daşıma potensialı əlavə 88 milyon nəfər artacaq.
Oxu.Az xəbər verir ki, bunu "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.
Onun sözlərinə görə, təsdiq olunmuş dövlət proqramına uyğun olaraq paytaxtda 10 yeni metro stansiyasının tikintisi ilə bağlı müxtəlif istiqamətlər üzrə işlərə artıq başlanılıb. Bu layihə yaxın beş il ərzində Bakı şəhərinin ictimai nəqliyyat sistemində, eləcə də dayanıqlılıq və mobillik sahəsində mühüm dəyişikliklər yaradacaq.
B.Məmmədov qeyd edib ki, yeni stansiyaların istismara verilməsi sərnişin axınlarının daha səmərəli bölüşdürülməsinə, nəqliyyat sıxlığının azaldılmasına və şəhərin nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə xidmət edəcək.
O vurğulayıb ki, 10 yeni stansiya paytaxtın ictimai nəqliyyat şəbəkəsini və ümumilikdə sosial mühitini əhəmiyyətli dərəcədə dəyişəcək.
QSC rəsmisinin sözlərinə görə, 2025-ci ildə Bakı Metropoliteni 230 milyon sərnişinə xidmət göstərib. Dövlət proqramı tam icra olunduqdan sonra isə metropolitenin illik sərnişin daşıma imkanları əlavə 88 milyon nəfər artacaq.