Bakı-Qazax yolunda baş verən dəhşətli yol qəzasında ölənlərin və yaralananların şəxsiyyəti məlum olub.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün saat 12:00 radələrində Bakı-Qazax əsas magistral yolunun 260-cı kilometrliyində, Ucar rayonunun Yeniyol kəndi ərazisində qeydə alınıb.
Ağdam rayon sakini, 39 yaşlı Quliyev Sabir Səməd oğlunun idarə etdiyi buğda ilə yüklənmiş “QAZel” markalı yük maşını ilə əks istiqamətdə hərəkətdə olan Mingəçevir şəhər sakini 62 yaşlı Allahverdiyev Qəzənfər Müzəffər oğlunun idarə etdiyi 35 ton neftlə yüklənmiş “Mercedes” markalı yük maşını toqquşub.
Toqquşmadan sonra yanğın baş verib və hər iki maşın aşıb, ani vaxtda alışaraq yanmağa başlayıb. Hadisə yerinə Ucar, Göyçay və Ağdaş rayonlarından ümumilikdə 5 yanğınsöndürən maşın və 25 nəfər canlı qüvvə cəlb olunub.
Qəza nəticəsində “QAZel”in sürücüsü və onun sərnişini - 31 yaşlı Həsənov Səbuhi Ənciman oğlu sıxılmış vəziyyətdə maşında yanaraq ölüb. Xilasedicilər xüsusi alət və avadanlıqların köməyi ilə hər iki meyiti çıxararaq, aidiyyəti üzrə təhvil veriblər. “QAZel”in digər sərnişini - 30 yaşlı Quliyev Şaiq İman oğlu və “Mercedes”in sürücüsü Q.Allahverdiyev yanıq xəsarətləri ilə Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.
Qəza nəticəsində əsas magistral yolun bir neçə kilometrliyində tıxac yaransa da, yol polisinin köməkliyi ilə avtomobillərin normal hərəkəti bərpa olunub. Faktla bağlı Baş Dövlət Yol Polisinin İstintaq və Təhqiqat şöbəsində araşdırma aparılır.
13:41
Bakı-Qazax yolunun Ucar rayonunun Yeniyol kəndindən keçən hissəsində dəhşətli yol qəzası baş verib.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, buğda daşıyan “QAZel” markalı avtomobillə yanacaq daşıyan yük maşını toqquşub. Toqquşma nəticəsində yanğın baş verib. Hər iki avtomobil yanıb. “QAZel”də olan iki nəfərin yanaraq öldüyü bildirilir. Yanacaq daşıyan avtomobilin sürücüsü isə ağır yanıq xəsarətləri ilə xəstəxanaya çatdırılıb.
Ölənlərin və xəsarət alan şəxsin kimliyi bilinmir. Hər iki avtomobil yandığı üçün onların dövlət nömrə nişanları görünmür.
Hadisə yerinə gələn yanğınsöndürənlər alovun yayılmasının qarşısını alıblar.
Bakı-Qazax yolunda tıxac yaranıb.
13:08
Bu gün Ucar rayon ərazisindən keçən Bakı-Qazax yolunda ağır yol qəzası baş verib.
Oxu.Az-a verilən məlumata görə, Qazıqumlaq yaşayış məntəqəsini keçdikdən sonra yanacaq daşıyan maşın və Qazel markalı maşın toqquşub. Toqquşma zamanı partlayış və güclü yanğın olub.
Hal-hazırda yolda bir neçə kilometrlik tıxac müşahidə edilir. Hadisə yerində yanğınsöndürənlər işləyir.