Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Bakı-Şamaxı yolu niyə zülmətə qərq olub?
Axşam saatlarında paytaxtdan bölgələrə və yaxud əks istiqamətdə avtomobillə hərəkət edən sürücülər yolların qaranlıq olmasından əziyyət çəkirlər. Rayonlarla paytaxtı birləşdirən magistral yollar ya heç işıqlandırılmır, ya da bəzi hissələrində quraşdırılan işıq dirəklərinə cərəyan verilmir.
İşıq saçmayan bu cür dirəklərə Bakı-Şamaxı-Yevlax yolunun Şamaxıya yaxın ərazisində də rast gəlmək mümkündür. Belə ki, həmin ərazidə yol qırağındakı obyektlərdə işıqlar yansa da, magistral yolun işıqlandırılması məqsədilə quraşdırılan dirəklərdə lampalar yanmır.
Məsələ ilə bağlı Bizim.media-ya danışan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəfli yolların işıqlandırılmasına qurumun nəzarət etmədiyini deyib.
Şamaxı Şəhər İcra Hakimiyyətinin əməkdaşı Rəşad Əliyev isə yaranan fasilənin texniki səbəblərdən qaynaqlandığını bildirib:
"Ola bilər ki, 1-2 saat müddətində işıqlar olmasın. Amma əksər hallarda magistral yolda işıqlar yanır. Hansısa qəza baş verir, ya texniki nasazlıq yaranır, onu aradan qaldırarkən bir, uzağı iki saat ərzində işıqlar olmur. Təmirdən sonra işığın verilməsi bərpa olunur. Davamlı olaraq işıq yanır, işıq xətlərində nəsə qəza, qısaqapanma, bir sözlə, texniki səbəblərdən qısa fasilə yarana bilər. Ən pis halda bir gecə olmur, çünki gecə ilə nasazlıq aradan qaldırıla bilməyəndə, səhər tezdən xəta aradan qaldırılır, işığın verilişi bərpa olunur".
Rəylər