Bakının Sabunçu qəsəbəsində bir küçə 26 Bakı Komissarının adını daşıyır.
Oxu.Az bakıpost.az-a istinadla xəbər verir ki, bu küçəni “Kaspi” qəzetinin əməkdaşı, jurnalist Azər Nuriyev müəyyən edib.
Belə ki, jurnalist Sabunçu qəsəbəsində yaşayan qohumlarının evinə gedərkən küçənin Bakı komissarlarının adına olduğunu görüb: “1918-ci ildə on minlərlə soydaşımızı qanına qəltan edən erməni və bolşevik cəlladlarının cəm olduğu 26 Bakı komissarının xatirəsi qəsəbədə əbədiləşdirilib. 2017-ci ildə 26 Bakı komissarının adını daşıyan küçənin hələ də mövcud olduğunu kimə desən, bəlkə də, inanmaz. Baxmayaraq ki, şəhərdə Bakı komissarlarına aid bütün abidələr və adlar götürülüb, burada onların adını daşıyan küçə hələ də qalır”.
Jurnalist qeyd edib ki,əvvəlcə bu lövhənin yaddan çıxıb qaldığını düşünüb: “Dedim, bəlkə, bu lövhə bir yerdədir, o da yaddan çıxıb qalıb. Lakin küçə boyu addımladıqca, hər tində “26-lar” sözünə rast gəldim. Özü də latın qrafikası və yeni ştampda. Və yarı yolda düşüb, həmin ərazidə yaşayan insanların mövqeyini öyrənmək marağı mənə üstün gəldi. Lövhəni qoparmaq istəsəm də, sakinlər dedilər ki, əbəs yerə cəhd etmə. Dəfələrlə sökülsə də, yenisini yapışdırıblar. Söhbət etdiyim gənclərin əksəriyyəti bunu vaxtilə qətlə yetirilən soydaşlarımızın xatirəsi üçün təhqir hesab etdiklərini bildirdilər. Küçənin sakinləri həmin adın sovet vaxtından qaldığını deyirlər. Sakinlərin sözlərinə görə, küçəyə tarixi şəxsiyyətlərimiz, şəhidlərimizin adı verilsə, onlar üçün qürur və şərəf olar”.
Məsələ ilə bağlı Sabunçu Rayon İcra Hakimiyyətindən bildiriblər ki, sözügedən və bir neçə başqa küçələrin adının dəyişdirilməsi ilə bağlı Nazirlər Kabinetinə müraciət edilib: “Həmin küçənin də adı dəyişdirilməsi nəzərdə tutulan adlar siyahısındadır. Nazirlər Kabinetinin müvafiq qərarından sonra küçənin adı dəyişdiriləcək”.
Bununla bağlı jurnalist Nazirlər Kabineti ilə əlaqə saxlayıb. Lakin qurumun mətbuat xidmətinin rəhbəri Akif Əli bildirib ki, rayon icra hakimiyyətindən məsələ ilə bağlı heç bir müraciət daxil olmayıb.
Məsələ ilə bağlı Sabunçudan olan millət vəkili Fazil Mustafanın buna bənzər məsələləri dəfələrlə həm parlamentdə, həm də müxtəlif icra strukturları qarşısında qaldırdığını bildirib. O qeyd edib ki, həmin küçənin sakinləri onun seçiciləri olmasa da, məsələni nəzarətdə saxlayacaq.
İ.N.