Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Bakıda abdominoplastika əməliyyatından sonra ölüm: Araşdırma aparılır
Bakıda abdominoplastika əməliyyatından sonra bir nəfərin vəfat etməsi ilə bağlı iddia yayılıb.
Oxu.Az xəbər verir ki, Rusiya vətəndaşı A.Sadıqovanın "Mərcan" klinikasında əməliyyatdan sonra öldüyü bildirilir.
Mərhumun yaxınları onun ölümündə cərrah Nigar Məmmədovanı günahlandırır və həkim səhlənkarlığını əsas gətirirlər. N.Məmmədova isə əməliyyatın tibbi protokollara uyğun aparıldığını, xəstədə əməliyyatdan sonra emboliya (qan damarının tutulması - red.) yarandığını bildirib.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, məsələ ilə bağlı Nəsimi Rayon Prokurorluğunda araşdırma aparılır.
Analitik Ekspertiza Mərkəzindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, "Mərcan" klinikasında cərrahi əməliyyat olunmuş və daha sonra vəfat etmiş Rusiya Federasiyası vətəndaşı Arzu Sadıqova ilə bağlı AEM-ə vətəndaş müraciəti daxil olub:
"Müraciət əsasında "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, müvafiq əsaslarla plandankənar yoxlama başlanıb. Yoxlama zamanı hər hansı hüquq pozuntuları aşkar edilərsə, bununla bağlı müvafiq hüquqi tədbirlərin görülməsi üçün materiallar aidiyyəti dövlət orqanlarına təqdim ediləcək".
Bildirilib ki, Analitik Ekspertiza Mərkəzi tərəfindən keçirilən araşdırmanın məqsədi cərrahi əməliyyatı həyata keçirən Nigar Məmmədovanın peşəkar tibbi fəaliyyəti və "Mərcan" klinikasının tibbi xidmət göstərmək üçün qanunvericiliklə tələb olunan lisenziya və icazələrə malik olub-olmamasını müəyyənləşdirməkdir.
Qeyd edilib ki, Xüsusi Təftiş Komissiyasının qərarına əsasən, Nigar Məmmədovanın adı "Azərbaycan Respublikasının ərazisində plastik cərrahiyyə ixtisası üzrə praktik tibb fəaliyyətinə icazə verilən həkim-mütəxəssislərin siyahısı"nda yer almayıb.
"Ölüm faktına gəldikdə isə, bu hazırda hüquq-mühafizə orqanları tərəfindən araşdırılır. Qeyd edək ki, icazəsiz tibbi fəaliyyətin həyata keçirilməsi "Özəl tibb fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanunu, eyni zamanda İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə uyğun olaraq məsuliyyət yaradır.
Vətəndaşlara özəl tibb müəssisələrində hər hansı problem və ya şikayətlə qarşılaşdıqları halda AEM-in aşağıdakı müraciət kanallarından istifadə edərək məlumat verə bilərlər:
- "Bir pəncərə" sistemi
- Qaynar xətt: (012) 596-05-20
- Elektron poçt ünvanı: [email protected]
- Rəsmi veb-sayt: www.pharma.az - "Müraciət" bölməsi.
Daxil olan müraciətlər araşdırılır və zərurət yaranarsa, müvafiq tibb müəssisəsində və ya aptek təşkilatında plandankənar yoxlamanın keçirilməsi barədə qərar qəbul edilə bilər", - deyə AEM-in məlumatında qeyd edilib.
Qeyd edək ki, qadının əməliyyatdan sonra ölməsi barədə məlumat ilk dəfə anews.az saytında yayımlanıb.
Aləmdə Nəsib
"Həkim səhlənkarlığı" teqi üzrə xəbərlər
- Vətən müharibəsindən sağ qayıtsa da, bir iynənin qurbanı oldu - Sübhanın ölümündə günahkar kimdir?
- Qəbələdə 16 yaşlı qızın xəstəxanada ölümünün TƏFƏRRÜATI
- Qanunsuz aborta görə cəzalar SƏRTLƏŞDİRİLİR
- Aybənizin ölümündə yeni detallar: Həkimin ali təhsili olmayıb
- Pasiyentinin çılpaq videosunu paylaşan həkimi hansı cəza gözləyir?