Paytaxtın mərkəzində mənzilində bir sürü it saxlayan şəxs tapılıb. Bəli, bir sürü, amma bilinmir bu, onlara olan həvəsdən, ya maddi maraqdan irəli gəlir. Elə bu məqam da qonşuları narazı salıb.
Oxu.Az ANS TV-yə istinadən xəbər verir ki, Nəsimi rayonu, Süleyman Rəhimov küçəsi, 52a ünvanında yaşayan qonşular 50 saylı mənzildə yaşayan qonşunun 20 dənə it saxlamasından şikayətlənirlər. Ən çox şikayət edən isə 3-cü mərtəbədə yaşayan Anar Qəhrəmanovdur.
Qonşu deyir ki, evdə pis iydən oturmaq olmur. İti saxlayan qonşunu yalnız bir dəfə görüblər. 17-18 yaşlarında bir oğlan olduğunu dedilər. Oğlanın nənəsilə birlikdə qaldığını deyirlər. Qonşu deyir ki, 5-6 ay olar ki, həmin qonşu sözügedən mənzildə kirayədə qalır. Dəfələrlə həmin mənzilin qapısını döysələr də açan olmayıb.
Bina sakini Anar Qəhrəmanovun sözlərinə görə, evdə səsdən, pis iydən oturmaq olmur:
“Bizim evdə balaca uşaq var. Hamısı xəstəlikdir, nə qədər müraciət etsək də hələ heç bir köməyi olmayıb”.
Mənzil istismar sahəsinin mühəndisi Allahverdi Allahverdiyev evin sahibi Cəmilə Hacıyeva ilə əlaqə saxladığını dedi. Ev sahibi evində yaşayanların bağ evlərində iti olsa da, amma mənzildə yalnız bir neçə gün it saxladığını bildirib.
Hər bir halda isə şikayətçilərin şikayətinin təmin olunacağını söylədi. Amma əgər sakin evdə it saxlayarsa, o zaman müəyyən tədbirlərin görüləcəyini dedi.
Allahverdi Allahverdiyev dedi ki, gərək bununla bağlı baytarlığa müraciət edək:
“İdarədən gəlib yoxlasınlar, görək o itə hansısa dərman vurulubmu? Bunun üçün ona evdə saxlanılması üçün sənəd verilməlidir”.
MİS mühəndisi məsələnin tezliklə həll olunacağına və qonşuların şikayətinin təmin olunacağına söz verdi.