Bakıda hələ də üzərində Kolxoz yazılmış lövhə olan küçə var.
Oxu.Az-ın məlumatına görə, küçə Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşir.
Bu küçə əhali arasında da “Kolxoz küçəsi” adı ilə məşhurdur. Təsadüfi deyil ki, elan saytlarında həmin küçədə ev, torpaq satmaq istəyənlər ünvan kimi məhz Kolxoz küçəsini göstərir.
Məsələ ilə bağlı Xəzər Rayon İcra Hakimiyyətindən Oxu.Az-a bildirilib ki, hazırda küçənin adı Hicran Hasilovun adını daşıyır:
“Lövhələrin yazılması isə Əmlak Komitəsinə aiddir”.
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən sorğumuza cavab olaraq bildirilib ki, Bakı şəhəri, Xəzər rayonu ərazisində yerləşən Kolxoz küçəsinin adı Bakı Şəhər İcra Hakimiyyətinin 05.09.1995-ci il tarixli (yəni, 26 il əvvəlki) 9/2 nömrəli Sərəncamı ilə dəyişdirilərək Hicran Hasilov küçəsi adlandırılıb:
“İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən nəqliyyat infrastrukturu obyektlərinin adlarını və daşınmaz əmlak obyektlərinin nömrələrini əks etdirən lövhələrin hazırlanması və yerləşdirilməsi Azərbaycan Respublikasının Prezidentinin 27 noyabr 2008-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydaları”nın 5-ci bəndinə əsasən həyata keçirilir.
Ünvan lövhələrinin quraşdırılması işləri mərhələli şəkildə dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. Sözügedən ərazidə yeni ünvan lövhələri quraşdırılmayıb. Növbəti mərhələdə vəsait ayrıldıqca həmin ərazidə də yeni ünvan lövhələrinin quraşdırılması nəzərdə tutulur”.

İlhamə Əbülfət