Bakıda Qara Qarayev prospekti 74 ünvanında avtomobillər səkilərin üzərində park edilir. Belə parklanma digər nəqliyyat vasitələrinin və piyadaların hərəkətinə mane olur.
“Yol hərəkəti haqqında” qanunun 52-ci maddəsində göstərilib ki, yolun hərəkət hissəsinə bitişik səkinin kənarında durmağa yalnız minik avtomobillərinə, motosikletlərə, mopedlərə və velosipedlərə icazə verilir. Ancaq bu şərtlə ki, onlar piyadaların hərəkətinə mane olmasın.
Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polis İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov Oxu.Az-a açıqlamasında deyib ki, ümumiyyətlə, bir çox ərazilərdə nəqliyyat vasitələri düzgün park edilmir.
Onun sözlərinə görə, belə hal həm piyadaların hərəkətinə mane olur, həm də süni sıxlıq yaradır:
“Biz bunu dəfərlərlə demişik. Bakıda bir çox ərazidə əməkdaşlarımız xidmət aparır. Qara Qarayev prospekti 74 ünvanında da ərazilərin düzgün park edilməyən avtomobillərdən təmizlənməsi haqqında məlumat vermişəm”.
Aqşin Kərimov