Bakıda “İlaxır çərşənbə” təntənəli şəkildə qeyd olunur.
Oxu.Az xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə metronun “İçərişəhər” stansiyası və Bakı Şəhər İcra Hakimiyyəti binasının arasındakı sahədə - qala divarları önündə toplaşan Novruz personajları – Dədə Qorqud, Bahar qızı, Kosa, Keçəl və musiqi qruplarının iştirakı ilə dəvələr, süvarilər və faytonların müşayiəti ilə böyük bayram karvanı Suraxanı “Atəşgah”ına yola düşüb.
Bayram karvanı Bakı Şəhər İcra Hakimiyyəti binasının qarşısından hərəkətə başlayaraq İstiqlaliyyət küçəsi ilə “Beşmərtəbə” dairəsi, Heydər Əliyev Sarayının yanından keçməklə metronun “Sahil” stansiyası, Hökumət evi, Ali Məhkəmənin qarşısından hərəkət edib Heydər Əliyev prospektinə çıxacaq və metronun “Koroğlu” stansiyasından Hava Limanı avtomagistralı ilə hərəkət edərək Suraxanı “Atəşgahı”na yola düşəcək.
“Atəşgah”dan od götürən bayram karvanı Hava Limanı avtomagistralı, Heydər Əliyev prospekti, 28 May küçəsini keçərək Heydər Əliyev Sarayının arxasından keçməklə Fəvvarələr meydanından Gənclər meydanına gələcək, bayram tonqalını alovlandıracaq və Dədə Qorqudun Novruz xeyir-duası ilə saat 19:00-da incəsənət ustalarının iştirakı ilə bayram konserti və atəşfəşanlıq təşkil ediləcək.
Elvin Əhmədov
FOTO: İsmayıl Nur
www.oxu.az