“Paintball Club Arena” idman klubunda taktiki peyntbol üzrə çempionat başa çatdı.
Oxu.Az xəbər verir ki, yarışda 8 komanda iştirak edirdi.
Bunlar “Gods of Arena”, “Smerch”, “Freestyle family”, “Westerham”, “Attila”, “Kamikadze”, “Bad Boyzz” və “All stars” komandaları idi.
Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 95-ci ildönümünə həsr olunmuş turnirin iştirakçıları Arena Kuboku uğrunda mübarizə aparırdılar.
Komandalar iştirakçılara təqdim olunduqdan və Azərbaycanın himninin səslənməsindən sonra yarış açıq elan edildi. Püşkatma metodu ilə iştirakçılar hər birində 4 komanda olan 2 qrupa bölündülər.
Gərgin keçən mübarizədən sonra “Gods of Arena”, “Smerch”, “Bad Boyzz” və “Westerham” klubları yarımfinala yüksəldilər. Finalda isə “Gods of Arena” və “Smerch” klubları üz-üzə gəldilər. Burada “Smerch” komandası daha güclü oldu və 1:0 hesabı ilə qalib gəldi.
Fəxri kürsünün ilk pilləsində qərarlaşmış oyunçulara kubok, həmçinin klubun oyunlarında iştirak üçün 1000 manatlıq sertifikat hədiyyə olundu. Ayrı-ayrı iştirakçılara da həvəsləndirici mükafatlar verildi: ən gənc oyunçu (13 yaş) Polad Əsgərov, ən cəsur qız isə Mədinə Əliyeva oldu. Səsvermə nəticəsində turnirin ən cəsur kişi oyunçusu “Gods of Arena”nın hücumçusu Cahangir Əsgərov seçildi.
Bir daha xatırladaq ki, Oxu.Az saytı yarışa informasiya dəstəyi göstərirdi.