Restoranlarda onlayn rezerv zamanı depozit tələb edilməsi müştərilərin narazılığına səbəb olub. Masa rezerv etmək üçün zəng edən müştərilərə iaşə obyektlərinin əksəriyyətində bildirilir ki, karta pul atmasalar, sifarişləri mümkün olmayacaq. Rezerv edildiyi halda restorana 15 dəqiqə gec gedildiyi zaman isə həmin masa başqa müştəriyə verilir, pul da geri qaytarılmır.
Bəs görəsən, restoranların bu tələbi qanunidirmi? Hüquqi cəhətdən necə tənzimlənməlidir?
Oxu.Az-a açıqlama verən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov istehlakçı hüquqlarının bu məsələdə pozulduğunu bildirib:
“Ölkədə belə bir problem var: biznes qurumları üçün qeyri-adi toxunulmazlıq yaradılıb. Bu kimi şikayətlər olanda məsələ qaldırırıq. Deyirlər ki, öz əraziləridir, özləri bilərlər. Restoranların bəziləri müştəriləri içəri üz yoxlaması ilə buraxırlar. Bir qismi yanında qadın olmayanların girişinə icazə vermir. Əksəriyyəti isə masanın yönünə görə əlavə pul alır. İndi də Ramazan ayından istifadə edirlər. Bir nəfər üçün iftar süfrəsi 100 manat təşkil edir.
Bunların hamısı anormal hallardır. İstehlakçı hüquqlarının pozulmasına gətirib çıxarır. Qanun qadağa etmir deyə belə hallar baş verir. Restoranda masa sifariş edəndə depozit istəyirlər. Depozit üçün pul VÖEN-ə bağlı olan karta göndərilməlidir, kiminsə şəxsi hesabına yox. Çünki əks halda vergidən yayınma məsələsi qaçılmazdır. Əgər şəxs öncədən ödəniş edibsə, masada olan zaman həmin şəxsə, yəni istehlakçıya çek təqdim olunmalıdır. Çox təəssüf ki, bu kimi problemlər yaşanır”.
Hüquqşünas Əliməmməd Nuriyev də qeyd edib ki, restoranlarda bu məsələlər tənzimlənmir:
“Rezerv üçün pulun kartdan-karta atılması qeyri-qanunidir, vəsaiti vergidən gizlətmədir. Bütün hallarda çeklər verilməlidir. Çünki pullar kiminsə fərdi kartına atılır.
Bir sıra restoranlar var ki, öncədən rezerv tələb olunsa da, buna görə pul istəmirlər. Müddətlə bağlı tələb qoya bilərlər. Tutaq ki, 19:00-a masa rezerv olunubsa, gecikmə varsa, müştəri bu barədə məlumat verməlidir. Məlumat verilmədikdə masa başqasına verilə bilər”.
Ə.Nuriyev əlavə edib ki, əgər pul tələb olunursa, yazılı müqavilə göndərilməlidir:
“Əvvəlcə müqavilə göndərilməlidir. O zaman tələb edənin hesabına vəsait köçürülə bilər. Restoranlar da boş qalmaq istəmirlər. Ona görə əvvəlcədən beh almağa çalışırlar”.
Məsələ ilə bağlı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, qanunvericiliyə uyğun olaraq, icraçı istehlakçını maraqlandıran xidmətin qiyməti, istehlak xassələri, təminat öhdəlikləri və iddiaların irəli sürülməsi qaydası və üsulları ilə yanaşı, xidmətin əldə edilməsi şərtləri barəsində də ona zəruri və düzgün məlumat verməlidir:
“Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 03.04.2014-cü il tarixli 94 nömrəli Qərarına əsasən, istehlakçılara məhsul və xidmətlər barədə məlumatlar mülkiyyətçi və ya obyektin rəhbəri tərəfindən təsdiq edilmiş menyu, çeşid siyahısı və yaxud digər üsullarla çatdırılmalıdır. Xidmət şərtləri, o cümlədən qiymətlər qanunvericiliklə müəyyən edilmiş ayrı-ayrı istehlakçı kateqoriyalarına güzəştli xidmətlərin göstərilməsi halları istisna olmaqla bütün istehlakçılar üçün eyni (bərabər) müəyyən edilməlidir.
Qanunvericilikdə nəzərdə tutulan bu məlumatların istehlakçıya verilməməsinə görə icraçı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq məsuliyyət daşıyır.
“Sahibkarlıq fəaliyyəti haqqında” Qanuna əsasən, sahibkarlar qanunvericiliyə əməl etməklə təsərrüfat-maliyyə fəaliyyətini müstəqil həyata keçirmək, məhsul göndərənləri və istehsal olunan məhsulun, göstərilən işlərin və ya xidmətlərin istehlakçılarını seçmək, öz xidmətləri üçün qiymətləri sərbəst müəyyənləşdirmək hüququna malikdirlər. Məhsul və xidmətin ödənişi zamanı isə vergi və digər sahələrdə qanunvericilik aktlarının tələblərinə əməl olunmalıdır.
Hazırda istehlak bazarında sahibkarlar tərəfindən istehlakçılara ictimai iaşə müəssisələrində müxtəlif qiymət və şərtlərlə xidmətlər təklif olunur, istehlakçıların onların arasından qiyməti və şərtləri daha uyğun olan xidməti seçmək hüququ var”.
Məsələ ilə bağlı bir neçə restoranla əlaqə saxlamağa çalışsaq da, zənglərimiz cavabsız qaldı.
Nəzrin Vahid
Rəylər