Bilgəh qəsəbəsində yerləşən 281 saylı uşaq bağçasında ciddi qanun pozuntusuna yol verilməsi barədə məlumat daxil olub və Bakı Şəhər İcra Hakimiyyətinin başçısının şəxsən iştirakı ilə müvafiq komisiya tərəfindən araşdırma aparılıb.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, araşdırma zamanı 281 saylı uşaq bağçasının müdirəsi Məlahət Rəhimova məsuliyyətsizlik və səhlənkarlıq göstərərək heç bir əmək müqaviləsi bağlamadan vətəndaş Sevinc Ağazadənin guya sınaq müddəti ilə iyun ayından sentyabr ayına qədər olan müddətə həmin bağçada qanunsuz işləməsinə şərait yaradıb, bununla da uşaq müəssisələrinə aidiyyəti olmayan vətəndaşların girişinin qadağan olunması barədəki göstərişin tələblərini ciddi şəkildə pozub.
Həmin qanunsuz tərbiyəçilik edən şəxs işə qəbul olmaq üçün bağça müdirəsinə təsir etmək məqsədilə qəsdən bağçanın mətbəxində sanitar-gigiyenik qaydalara riayət etmədən, sterilizə olunmamış suyu krantdan birbaşa azyaşlı uşaqlara içirtməyə cəhd edərək bunu öz telefonu vasitəsilə kameraya çəkib, sonradan isə bu videogörüntülərin kütləvi informasiya vasitələrində yayılmasına nail olub.
Eyni zamanda həmin bağçanın müdirəsinin vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi hallarına yol verməsi ortaya çıxıb ki, nəticədə bağça müdirəsi M.Rəhimova dərhal işdən azad edilib və baş vermiş qanunsuzluqlar barədə sənədlər toplanıb hüquqi qiymət verilməsindən ötrü prokurorluğa göndərilməsi ilə bağlı qərar qəbul edilib.