Yol ötürücüsünün asfalt-beton örtüyünün aşınmış hissəsi bərpa olunub.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq AAYDA-nın Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Nəsimi rayonu Əbdülvahab Salamzadə küçəsi ilə Tbilisi prospektinin kəsişməsində yerləşən yol ötürücüsünün (“Qələbə dairəsi”dən Ziya Bünyadov prospekti istiqamətində) temperatur şovunun üzərindəki asfalt-beton örtüyündə yaranan problem aradan qaldırılıb.


10:55
“Bakıda körpünün üzərində asfalt-beton örtüyünün aşınması nəticəsində yaranan problemin aradan qaldırılması üçün işlər görülür”.
Bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəfli deyib.
O bildirib ki, Əbdülvahab Salamzadə küçəsi ilə Tbilisi prospektinin kəsişməsində yol ötürücülərində temperatur şovu üzərində yerləşən asfalt-beton örtüyündə yağışa görə aşınma yaranıb.
“Hadisə gecə saatlarında hərəkətin intensiv olduğu vaxtda baş verib. Agentliyin əməkdaşları hadisə yerinə cəlb olunublar. Problem qısa müddətə aradan qaldırılacaq. Sosial şəbəkələrdə və xəbər saytlarında belə bir məlumat yayılıb ki, körpüdə çökmə yaranıb. Körpüdə problem yoxdur, sadəcə asfalt-beton örtüyünün aşınma qatının dağılması müşahidə olunub”, - o vurğulayıb.
Onun sözlərinə görə, sözügedən ərazidə aşınma problemi qısa müddətdə aradan qaldırılacaq.
09:32
Bakıda körpünün üzərində yaranmış çökmə tıxaca səbəb olub.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
“Əbdülvahab Salamzadə küçəsi, körpünün üzərində yolun sağ zolağında yaranan çökmə səbəbindən küçənin hər iki istiqamətində və “Qələbə” dairəsində sıxlıq yaranıb. Sürücülərdən nəzərə almaları xahiş edilir”, - deyə məlumatda qeyd olunur.
Xatırladaq ki, Əbdülvahab Salamzadə küçəsindən Ziya Bünyadov prospektinə keçid hissəsindəki yol ötürücüsündə uzunmüddətli yağıntılardan sonra çuxur yaranıb. Həmin hissədən yüksək sürətlə keçən avtomobillərin təkərlərinə ciddi ziyan dəyib.
:640.jpg)

