Bakının mərkəzində yerləşən avtomobil dayanacağı boşaldılıb.
Oxu.Az Milli.Az-a istinadən xəbər verir ki, metronun “İçərişəhər” stansiyasının arxasında yerləşən avtomobil dayanacağına artıq maşınlar buraxılmır.
Dayanacağın şlaqbaumu endirilib və heç kim içəri daxil ola bilmir.
Dayanacağın yaxınlığında dayanan taksi sürücüləri həmin dayanacağın ləğv edildiyini dedilər.
Məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətindən münasibət öyrənmək mümkün olmadı.
Nəqliyyat Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Namiq Həsənov Milli.Az-a açıqlamasında bildirdi ki, paytaxt ərazisində tıxacların qarşısının alınması, avtomobillərin hərəkətinin yaxşılaşdırılması üçün qeyri-qanuni avtomobil dayanacaqları bağlanır. Şöbə müdirinin sözlərinə görə, artıq yolların kənarında və digər qeyri-qanuni yerlərdə avtomobil saxlamaq praktikasına son qoyulur. Sürücülərə tövsiyyə olunur ki, avtomobillərini yeni istifadəyə verilmiş dayanacaqlarda saxlasınlar.
N.Həsənov qeyd etdi ki, bu işdə Nəqliyyat Nazirliyi ilə yanaşı, Bakı Şəhər İcra Hakimiyyəti və yol polisi birgə fəaliyyət göstərir.



www.oxu.az