Kubra Məhərrəmova yazır...
Cadulu liseyin başına gələnlər.
Səhərin gözü açılar-açılmaz xəbər tutduq ki, gözəl məmləkətimizdə yeni fenomen peyda olub. İnanılmaz səslənsə də bu fenomen cadulanmış liseydi. Yəni liseyin ərazisində ərəb dilində yazılan cadu-dua tapıblar. Lisey də Göyçayda yerləşir. Daha dəqiq desək Göyçay Peşə Liseyi.
Uzun sözün qısası, araşdırma aparılıb. Faktı təhsil ocağının işçiləri də təsdiqləyiblər.
Hətta liseyin istehsalat təlim ustası Qeys Əhmədov verdiyi müsahibədə deyir ki, "Liseyə daxil olarkən hər kəsi yuxu basır".
Vallah ki, cadunun məqsədi insanlara yuxu verməkdirsə, nə deyim? Belə baxanda savab işdir. Amma iş saatlarından kənar olsaydı daha məqsədəmüvafiq olardı. Həm müəllim, həm də tələbə heyəti yaxşıca yuxusunu alıb, daha böyük əzmlə dərslərdə iştirak edərdi. Görünür cadu nəsə düz işləməyib. Ya da xarab olub. İstifadə müddəti keçib.
Məsələ ilə bağlı Həmkarlar İttifaqının iclasını keçirilib, hesabata 66 nəfər qol çəkərək nazirliyə göndərilib. Liseyin istehsalat təlim ustası Qeys Əhmədovun sözlərinə görə, müəllimlərdən şübhələnirlər.
Peşə Təhsili üzrə Dövlət Agentliyindən bildirilib ki, hadisə ilə bağlı liseyin rəhbər şəxsləri ilə görüş keçiriblər. Lisey rəhbərliyinin və dəvət edilmiş aidiyyəti şəxslərin açıqlamaları dinlənilib, məsələnin təfərrüatı barədə izahatlar alınıb.
Sən cadunun qüvvətinə bax ki, söhbət hara kimi gedib çıxıb.
İndi mənə maraqlıdır ki, cadunun kim tərəfindən, hansı məqsədlər üçün liseyin həyətinə basdırdığı necə müəyyən olunacaq?
Bəlkə kəndin cadugərinin yanına gedib cadu edəni müəyyən edəcəklər? Lap tutalım tapdılar, bu əməli məhz onun etdiyini necə sübut edəcəklər? Sübut etsələr cəza metodu nə olacaq?
Əgər bunu bir müəllim edibsə, onun beynindəki işığa, ziyaya məəttələm. Bir müəllimin beyni nə qədər geniş, işıqlı, ziyalı, savadlı olmalıdır ki, liseyin həyətinə cadu basdırsın. Bu, hələ oxuyanımızdır. Gör savadsız, məktəb-kitab üzü görməyən nələr edər?
Bir anlıq düşündüm ki, Azərbaycanda yerləşən bütün bağça, məktəb, lisey, kollec, ali-məktəblərin həyətlərini qazıb axtarmaq lazımdır. Bütün basdırılan caduları tapıb, zərərsizləşdirmək lazımdır. Çünki bu qədər yuxunun olmasının başqa səbəbi olmaz yəqin. Mən hələ Azərbaycan Milli Elmlər Akademiyasının həyətini demirəm.
Çünki oradakılar lap çox yatırlar. Arada bir nərdtaxta vururlar. Amma əsas fəaliyyət növləri elə yatmaqdır. Yəqin oranın da, qapı-bacasına cadu ediblər ki, Azərbaycan elmi yatsın.
Onu deyirəm axı, deyəsən Azərbaycanda təhsilin niyə bu gündə olduğunu müəyyən edə bildik. Bu məsələnin üstünə də bir işıq düşdü. Tilsimlənmişik. Uşaqlı-böyüklü, hamımız. Hamımız da yarıyuxulu rejimdə. Valideynli-şagirdli-müəllimli.
İçində bir qrup ayıq müəllim, direktor, şagird-valideyn var. Amma onların da dediklərini nə biz, nə də kollektivləri eşitmir. Hamı yuxuludur axı...
İndi qalır bu yuxu tilsimindən qurtulmaq. Oyanmaq, dünyaya baxmaq. Öyrənmək, böyümək.
Amma yadıma düşür ki, o boyda Sabir dedi, danışdı, hayqırdı. Nə oldu? Oyandımı cəmiyyətimiz?
Axırda fikirlərini qır qazanına gömüb, məişət girdabında boğdular Sabiri. Bizə yadigar isə bu beytləri qaldı.
Səs salma, yatanlar ayılar, qoy hələ yatsın,
Yatmışları razı deyiləm kimsə oyatsın...