Baku TV-nin "Kəndinə qayıt" verilişinin yeni buraxılışında Şamaxı rayonunun qədim Dəmirçi kəndinə səfər edilib.
Dəniz səviyyəsindən 1 600 metr yüksəklikdə yerləşən kəndin tarixi XV əsrə gedib çıxır. Kənd adını vaxtilə burada geniş yayılmış dəmirçilik sənətindən alıb. Sovet dövründə 15-16 dəmirçi dükanının fəaliyyət göstərdiyi Dəmirçidə bu gün qədim sənəti yaşadan cəmi bir neçə usta qalıb.
Kəndin sosial həyatında və sakinlərin taleyində əsas problemlərdən biri əhalinin tədricən şəhərlərə köçməsi və kəndin boşalmasıdır. Yaşlı sakinlər gənclərin iş və daha yaxşı yaşayış şəraiti axtarışı ilə Bakıya və digər şəhərlərə üz tutduqlarını bildirirlər.
Kənd sakini Mikayıl Şükürov mövcud vəziyyətin səbəblərini belə izah edib:
"Son vaxtlar burada 50 qoyununu satıb gedib Bakıda hamballıq edənlər var. Ürəyim partlayır, bir adam tapa bilmirəm ki, söhbət edim. Elə bil ki, kənd camaatı əriyib gedir.
Bakıda toy edirlər, məni də çağırırlar. Gəlib 10 manat pul vermişdin, oturdun, yeyib-içdin. Mən durub elə Bakıya gedib-gəlməyə 100 manat yolpulu verirəm. Deməli, xalq imkansız deyil, daha rahat yaşamaq istəyir. Düşünürəm ki, bunun da səbəbkarı qadınlardır. Onlar aldıqları paltarları kənddə kimə göstərsinlər?! Buna görə də şəhərə köçürlər".