Bərdədə məktəbin üçüncü mərtəbəsindən yıxılan şagirdin vəziyyəti açıqlanıb.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
Bildirilib ki, hazırda onun vəziyyəti orta ağırdır:
"2010-cu il təvəllüdlü şəxs (qadın cinsli) iyunun 2-si saat 12:30-da Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
İlkin tibbi yardım göstərilən şəxs daha ixtisaslı tibbi xidmət almaq üçün Respublika Neyrocərrahiyyə Xəstəxanasına təxliyə olunub.
Qapalı fəqərə onurğa beyninin travması, L1 fəqərəsinin fəsadlaşmamış sınığı diaqnozları təyin edilən pasiyentin müalicəsi davam etdirilir, vəziyyəti orta ağırdır".
Qarabağ Regional Təhsil İdarəsindən Oxu.Az-a bildirilib ki, məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib:
"Bərdə şəhər Şəhid Alı adına 5 nömrəli tam orta məktəbin 9-cu sinif şagirdi tənəffüs vaxtı təhsil müəssisəsinin 3-cü mərtəbəsindən yıxılıb. Dərhal məktəb rəhbərliyi tərəfindən təcili tibbi yardım çağırılıb, şagird tibb müəssisəsinə aparılıb. Məktəbliyə tibb müəssisəsində müvafiq tibbi yardım göstərilib. Məktəbin direktoru tibb məntəqəsində şagirdə baş çəkib. Məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib, hazırda araşdırma aparılır".
Aygün Mirakif
Bərdədə məktəbdə faciəli hadisə yaşanıb.
Oxu.Az Lent.az-a istinadla xəbər verir ki, hadisə iyunun 2-si saat 12 radələrində Bərdə şəhərinin ərazisində yerləşən 5 saylı tam orta məktəbdə qeydə alınıb.
Məktəbin şagirdi, 15 yaşlı Zeynəb Ruslan qızı Şəldizadə sinif otağının pəncərəsindən, 3-cü mərtəbədən yıxılıb.
Məktəbli ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.