Bərdə rayonunun Güloğlular kəndində su təchizatının yaradılması münasibətilə mərasim təşkil olunub.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən (ADSEA) məlumat verilib.
Bildirilib ki, mərasimdə Bərdə Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Vidadi İsayev, ADSEA sədrinin müavini İlham Bayramov, ADSEA tabeliyində olan Regional Su Meliorasiya Xidmətinin İdarə Heyətinin sədri Zakir Quliyev, agentliyin və Bərdə RİH-in nümayəndələri, şəhid ailələri və kənd sakinləri iştirak ediblər.
Çıxışlar zamanı bildirilib ki, Güloğlular kənd sakinləri bu gün keyfiyyətli və dayanıqlı içməli su ilə təmin olunurlar. Qeyd olunub ki, kənddə su təchizatının yaradılması layihəsi ADSEA tərəfindən həyata keçirilib. Bunun üçün əhalinin keyfiyyətli içməli suya əlçatanlığının təmin edilməsi məqsədi ilə mövcud subartezian quyusu bərpa edilib. Bərpa edilən subartezian quyusunun suyunun cod olması səbəbindən suyun keyfiyyətinin yaxşılaşdırılması nəzərə alınaraq gün ərzində məhsuldarlığı 50 kubmetr olan membran texnologiya əsaslı tərs-osmos tipli modul sutəmizləyici qurğular kompleksi quraşdırılıb. Modul tipli sutəmizləyici qurğudan emal edilən keyfiyyətli suyun əhalinin istifadəsinə çatdırılması üçün 1.5 km uzunluğunda su xətti çəkilib. Əhaliyə verilən içməli suyun təhlükəsizliyinin təmin edilməsi məqsədilə suyun zərərsizləşdirilməsi də qurğuda nəzərdə tutulub.
Kənd sakinləri göstərilən qayğıya görə Prezident İlham Əliyevə təşəkkürlərini bildiriblər.
Qeyd edək ki, Güloğlular kəndində 712 fərdi yaşayış evi olmaqla 3 178 nəfər içməli su ilə təmin olunub.