Biləsuvarda təcili tibbi yardım xidmətinin fəaliyyəti ilə bağlı narazılıq yaranıb.
Oxu.Az xəbər verir ki, rayon sakini Vüsal Mustafayev üzləşdiyi problemlə bağlı şikayətini sosial şəbəkədə ictimailəşdirib. O bildirib ki, evində xəstə olduğu üçün təcili tibbi yardım xidmətinə müraciət etsə də, ona briqadanın başqa çağırışa getdiyi bildirilib və müraciətindən imtina olunub.
Vətəndaşın iddiasına görə, təxminən 110 min nəfər əhalisi olan Biləsuvarda fəaliyyət göstərən təcili tibbi yardım avtomobillərinin sayı tələbatı ödəmək üçün yetərli deyil.
V. Mustafayev həmçinin gecə saatlarında təcili tibbi yardım məntəqəsinin qarşısında müşahidə etdiyi vəziyyətdən də narazılığını ifadə edib. O, rayonda təcili tibbi yardım xidmətinin təşkili ilə bağlı problemlərin həllinə ehtiyac olduğunu vurğulayıb.
Məsələ ilə bağlı aidiyyəti quruma sorğu verilib.
İqbal Ziya