Bakı şəhəri, Qaradağ rayonu “Binə” Ticarət Mərkəzində yanğın hadisəsi baş verib.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, dərhal hadisə yerinə FHN-nin yanğınsöndürən və xilasediciləri cəlb olunub.
Ticarət mərkəzinin 4-cü və 5-ci sıralarında hər birinin sahəsi 40 kv.m olan 45 ədəd müxtəlif geyim və paltar satışı mağazalarının plastik materiallardan ibarət arakəsmələri, dam örtükləri və içərisindəki mallar 1800 kv.m sahədə yanıb.
Ticarət mərkəzinin qalan hissəsi yanğından mühafizə olunub. Nazirliyin xilasetmə qüvvələri tərəfindən müvafiq təhlükəsizlik tədbirləri həyata keçirilib. Yanğın saat 02:25-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
10:41
Ötən axşam “Binə” ticarət mərkəzində yanğın baş verib.
Oxu.Az APA TV-yə istinadən xəbər verir ki, yanğın ticarət mərkəzinin 5-ci sırasından başlayıb və tezliklə xeyli sayda mağazanı əhatə edib.
Əraziyə yanğınsöndürmə briqadaları, Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə xidmətinin xilasediciləri, Mülki Müdafiə Qoşunlarının hissələri və polis dəstələri cəlb edilib.
Yanğın zamanı bəzi şəxslər oğurluğa cəhd göstəriblər, hətta oğurluqda şübhəli bilinərək, saxlanılan var.
Yanğının qarşısını yalnız bir neçə saatdan sonra almaq mümkün olub.
Mövzu ilə əlaqədar hadisə yerində çəkilmiş videosüjeti sizə təqdim edirik.