Bakı şəhəri, Binəqədi rayon sakinləri arasında narazılıq yaranıb.
Bu barədə Oxu.Az-ın qaynar xəttinə (+994 55 224-12-12) müraciət edən rayonunun Xırdalan şossesi, Cəbrayıl məhəlləsində yaşayan sakinlərdən şikayət daxil olub.
Sakinlərin sözlərinə görə, Cəbrayıl məhəlləsində fərdi yaşayış evlərinin həyətindən çəkilən iri diametrli borular məhəllənin bir hissəsinin su altında qalmasına səbəb olur:
"Cəbrayıl məhəlləsi əvvəl yağış yağanda su ilə dolurdu. Kanalizasiyalar daşırdı. Yuxarı hissədə qalan sakin həyətinə suyun dolmasının qarşısını almaq üçün həyətindən məhlənin aşağı hissəsinə axacaq şəkildə iri diametrli borular quraşdırıb. İndiyənə qədər bizim tərəflərdə su dolmazdı. İndi isə o borulara görə, yuxarı tərəfə dolan sular bizim həyətə yönəldilib. Yağış yağanda çox pis vəziyyət yaranır. Hərəkət müşkülə çevrilir. Hər dəfə yolu təmir etdiririk, amma yağış suları dolub yararsız hala salır. Qanunsuz şəkildə tikili inşa edib və bu addımı atmaq digər sakinləri çıxılmaz vəziyyətdə qoyub. Deyəndə ki, biz su içində qalırıq, deyir "mən özümə belə çarə tapmışam, siz də gedin özünüzə çarə tapın" Qarşıdakı zamanda yağış yağacağını nəzərə alsaq, biz yenə eyni dərdə məruz qalacağıq".
Vətəndaşlar problemin həlli üçün aidiyyəti qurumların əraziyə baxış keçirməsini və müvafiq tədbirlər görməsini istəyirlər.
Məsələ ilə bağlı aidiyyəti üzrə sorğu verilib.