Bir qrup vətəndaşa qarşı 120 min manatdan çox ziyan vurmaqla dələduzluq edən zərgər bəraət alıb.
Oxu.Az-ın məlumatına görə, Atabəy Ziya oğlu Canıbəylinin işinə Ali Məhkəmənin Cinayət Kollegiyası açıq məhkəmə iclasında baxaraq qərar verib.
Belə ki, hakim Tahir Kazımovun sədrliyi ilə keçirilən məhkəmədə A.Canıbəyliyə Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə bəraət verilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 may 2022-ci il tarixli hökmündən dövlət ittihamçısı Namiq Əliyev tərəfindən verilmiş kassasiya protestinə, zərərçəkmiş şəxslər tərəfindən birgə verilmiş kassasiya şikayətinə və zərərçəkmiş şəxs V.Babayev tərəfindən verilmiş kassasiya şikayətinə baxılıb.
Müəyyən edilib ki, Səbail Rayon Məhkəməsinin 18 fevral 2022-ci il tarixli hökmü ilə Atabəy Ziya oğlu Canıbəyli CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək üç il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub, cəzaçəkmə müddətinin əvvəli 18 fevral 2022-ci il tarixdən hesablanmaqla, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsinə qərar verilib.
Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən məhkum edilmiş şəxsin müdafiəçiləri tərəfindən birlikdə, zərərçəkmiş şəxslər və mülki iddiaçılar Oktay Nadir oğlu Paşayev, Vüsal Arif oğlu Balayev, Tural Həsən oğlu Şərifov, Çingiz Müzəffər oğlu Məmmədrzayev və Mehman Ramiz oğlu Əhmədov tərəfindən ayrı-ayrılıqda apellyasiya şikayətləri verilib.
Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 may 2022-ci il tarixli hökmü ilə məhkum edilmiş şəxs A.Canıbəylinin müdafiəçiləri tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilib, zərərçəkmiş şəxslər və mülki iddiaçılar tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməyərək, A.Canıbəylinin CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə məhkum edilməsi barədə Səbail Rayon Məhkəməsinin 18 fevral 2022-ci il tarixli hökmü məhkum edilmiş şəxs A.Canıbəylinin müdafiəçiləri tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən ləğv edilib, A.Canıbəyliyə CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirinin sübuta yetirilməməsi əsası ilə bəraət verilib.
Zərərçəkmiş şəxslər və mülki iddiaçıların A.Canıbəyliyə qarşı pul tələbinə dair mülki iddiaları baxılmamış saxlanılıb.
Ali Məhkəmənin 11.01.2023 tarixində keçirilmiş iclasında A.Canıbəylinin barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 may 2022-ci il tarixli hökmünün dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə və zərərçəkmiş şəxslər tərəfindən verilmiş kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılması barədə qərar verilib.
15.11.2022/11:58
Bir qrup vətəndaş onlara qarşı 120 min manatdan çox ziyan vuraraq dələduzluq edən zərgərin cəzasını almamasından şikayətçidir.
Bu barədə şikayətçilər Oxu.Az-ın redaksiyasına müraciət ünvanlayıblar.
Həmin şikayətçilərdən biri Vüsal Balayev saytımıza bildirib ki, Canıbəyli Atabəy Ziya oğlu ondan ucuz qiymətə qızıl məmulatı alıb, baha qiymətə satmaq üçün pul alıb:
“2018-ci ildə Atabəy Canıbəyli ilə məclisdə tanış olmuşduq. 2019-cu ilin sentyabr ayında Atabəy Mərkəzi Univermaqda zərgər işləyirdi, dedi ki, qızıl işində pul var. Biz qızılı ucuz alıb, baha qiymətə satıb, qazancı da yarı bölə bilərik. Düşündüm ki, pul qazanmaq olar və 2019-cu ilin sentyabr ayının ortalarında A.Canıbəyliyə Bakı şəhəri, Nərimanov rayonu, Səttar Bəhlulzadə küçəsində yerləşən restoranların birində 5 000 manat verdim.
Atabəy dedi ki, ona verdiyim 5 000 manat çox azdır, qızıl bahadır və verdiyim pula çox qızıl əşyaları almaq mümkün deyil. Mən oktyabr ayının əvvəllərində ona eyni ünvanda 6 000 manat, 2020-ci il yanvarında 6 000 ABŞ dolları verdim.
Bundan sonra bir necə dəfə Atabəylə görüşəndə ondan verdiyi pula nə isə edə bildiyi ilə maraqlandım. Atabəy hər dəfə bir bəhanə edirdi, gah dedi, hələ ala bilməyib, gah dedi, alıb, satışa qoyub, lakin hələ sata bilməyib.
Təxminən ayyarımdan sonra mən qətiyyətlə pulun qazancını istədim və Atabəy dedi ki, qızıl məmulatları hələ sata bilməyib, lakin məni arxayın etmək üçün 800 manat verə bilər, arxayın olum ki, qazanc olanda mənə pul verəcək.
Atabəy həmçinin demişdi ki, mənə verdiyi 800 manatı da qazancdan çıxıb götürəcək. Eyni zamanda, o məndən 2020-ci ilin fevral ayında 6 080 manat məbləğdə olmaqla, cəmi 27 min 280 manat təşkil edən pulu nağd şəkildə alıb”.
V.Balayev deyir ki, Atabəy Canıbəyli ümumilikdə 10 nəfərdən çox adamı aldadıb:
“Sadəcə, ondan altı nəfər şikayətçi oldu. O, məndən başqa, Oktay Paşayevin etibarından sui-istifadə edərək, qızıl almaq adı ilə 34 min manat pulu mənimsəyib.
Eyni zamanda, Mehman Əhmədov, Çingiz Məmmədrzayev, Tural Şərifovu da aldadaraq pul, qızıl alıb, özü üçün xərcləyib. Hər kəsi aldadan dələduz zərgəri tapmaq istədikdə atası dedi ki, oğlum müflis olub. Məsələ barədə Baş Prokurorluğa müraciət etdik”.
O qeyd edib ki, zərgər ümumilikdə 120 min manatdan çox ziyan vurmaqla dələduzluq edib və məhkəmə qərarı ilə üç il müddətinə həbs olunub:
“Atabəy Canıbəyli həbs olundu və məhkəməyə çıxarıldı. İlkin məhkəmə ona üç illik hökm verdi. Bir müddət sonra hökmdən narazı qalan Atabəy Canıbəyli Bakı Apellyasiya Məhkəməsinə müraciət etdi. Zəki Babayevin sədrliyi ilə məhkəmə yenidən keçirildi.
İş materialları ilə yaxından tanış olmadan, sübut və dəlillər nəzərə alınmadan üç il hökm alan şəxsin həbs qərarı ləğv edilib və bəraət verilib. Necə ola bilər ki, üç illik həbs alan şəxs bəraət alır? Biz, sadəcə, istəyirik ki, dələduz öz layiqli cəzasını alsın”.
Qeyd edək ki, qərardan narazı olan zərərçəkənlər Ali Məhkəməyə müraciət ediblər.
İlhamə Əbülfət