Dünyanın əksər ölkələrində zəruri dərman vasitələri istisna olmaqla, preparatların qiymətləri dövlət tərəfindən tənzimlənmir. Onların tərkibinin təhlükəsizliyinə nəzarət edilsə də, qiymətləri sərbəst bazar prinsipləri əsasında formalaşır.
Azərbaycanda isə vəziyyət bir qədər fərqlidir. Belə ki, ölkəmizdə rəsmi qeydiyyata alınan dərman vasitələrinin qiymətləri dövlət tərəfindən müəyyən edilir. Bu göstərici İsveçdə 5 min, Fransada 10 min olduğu halda, Azərbaycanda 14 min manatdır.
Maraqlı məqam isə odur ki, dərman vasitəsi kimi rəsmi qeydiyyata alınan məhsullara bitki tərkibli, təbii və homeopatik preparatlar da daxildir. Bu səbəbdən onların qiymətləri də sərbəst bazar prinsipləri ilə deyil, dövlət tərəfindən tənzimlənir.
Qeyd edək ki, homeopatik vasitələrlə ənənəvi dərman preparatları arasında müəyyən fərqlər mövcuddur. Belə ki, homeopatik vasitələrdə aktiv maddənin miqdarı, bir qayda olaraq, son dərəcə az olur. Dərman preparatlarının tərkibində isə dəqiq ölçülmüş təsiredici maddə yer alır.
Məsələ ilə bağlı Oxu.Az-a açıqlama edən Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini, Əməkdar həkim Rəşad Mahmudov da təsdiq edib ki, dərman vasitələri, bioloji fəal qida əlavələri, bitkimənşəli preparatlar və homeopatik vasitələr arasında müəyyən fərqlər var. O vurğulayıb ki, bunların hamısını eyni kateqoriyada qiymətləndirmək tibbi və hüquqi baxımdan doğru olmaz:
"Azərbaycan qanunvericiliyində dərman vasitəsinin müəyyən edilməsində yalnız onun mənşəyi deyil, tərkibi, təyinatı, farmakoloji xüsusiyyətləri və qeydiyyat statusu da əhəmiyyət daşıyır. Yəni hər hansı məhsulun təbii və ya bitkimənşəli olması onun avtomatik olaraq dərman vasitəsi hesab edilməsinə əsas vermir.
Homeopatik preparatlarla bağlı isə başqa bir mühüm məqam var. Bu preparatların hüquqi baxımdan dərman vasitəsi kimi qeydiyyata alınması onların müalicəvi effektivliyinin müasir sübuta əsaslanan tibbin tələblərinə uyğun şəkildə təsdiqləndiyi anlamına gəlmir. Bu iki anlayışı bir-birindən ayırmaq lazımdır".
Deputat bitkimənşəli vasitələrlə dərmanların qiymətlərinə yanaşmanın fərqləndirilməsini məqsədəuyğun hesab edib:
"Qiymət məsələsinə gəldikdə, Azərbaycanda dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin yuxarı həddi qanunvericiliyə uyğun olaraq tənzimlənir. Bunun əsas məqsədlərindən biri əhalinin dərman vasitələrinə iqtisadi əlçatanlığını qorumaqdır.
Ancaq hesab edirəm ki, gələcəkdə bu sahəyə daha diferensial yanaşmanın mümkünlüyü müzakirə edilə bilər. Xüsusilə həyati əhəmiyyətli, klinik effektivliyi sübut olunmuş dərmanlarla homeopatik preparatların qiymət tənzimlənməsinə eyni yanaşmanın nə dərəcədə məqsədəuyğun olduğu ayrıca qiymətləndirilə bilər.
Homeopatik vasitələrin qiymətlərinin sərbəst bazar prinsipləri ilə müəyyən edilməsinə imkan yaradılması hüquqi dəyişikliklər çərçivəsində nəzərdən keçirilə bilər. Lakin bu, həmin məhsulların keyfiyyətinə, təhlükəsizliyinə, reklamına və istehlakçıya təqdim olunan məlumatların doğruluğuna dövlət nəzarətinin zəiflədilməsi demək olmamalıdır.
Bizim üçün əsas prinsip odur ki, dövlət ilk növbədə vətəndaşın sağlamlığını, təhlükəsizliyini və elmi cəhətdən əsaslandırılmış müalicəyə əlçatanlığını qorumalıdır. Qiymət siyasəti də məhz bu prinsiplərə xidmət etməlidir".
Rəşad Mahmudov sonda onu bir həkim olaraq narahat edən mövzuya da toxunub:
"Bu məsələ klinik effektivliyi sübut edilməmiş məhsulların bəzən insanlara müalicə vasitəsi kimi təqdim olunmasıdır.
Vətəndaş aptekdən aldığı, xüsusilə də həkim tərəfindən tövsiyə edildiyini düşündüyü hər bir preparatın xəstəliyinin müalicəsinə kömək edəcəyinə inanır. Halbuki həmin vasitə müasir sübuta əsaslanan tibbin klinik tövsiyələrində yer almaya və onun müalicəvi effektivliyinə dair etibarlı elmi sübutlar olmaya bilər. Belə hallarda məsələ yalnız vətəndaşın artıq pul xərcləməsi deyil. Daha təhlükəlisi odur ki, xəstə həmin məhsula inanaraq həqiqətən ehtiyac duyduğu müalicəni gecikdirə, hətta ondan imtina edə bilər. Ona görə də hesab edirəm ki, qiymətlərin sərbəstləşdirilməsi məsələsi müzakirə olunarkən bu məhsulların hansı ad altında, hansı müalicəvi iddialarla və hansı məlumatlandırma qaydaları əsasında satılması məsələsinə də xüsusi diqqət yetirilməlidir. Biz insanlara seçim azadlığı verməklə yanaşı, onların yanlış məlumat əsasında seçim etməsinin də qarşısını almalıyıq.
Bu vasitələr tibbi sübutlara əsaslanmalıdır. Hər hansı məhsulun təbii mənşəli olması, aptekdə satılması və ya dövlət qeydiyyatından keçməsi onun bütün iddia edilən xəstəliklərə qarşı müalicəvi təsirinin sübutu kimi təqdim edilməməlidir", - deyə müsahibimiz qeyd edib.