British Council Azərbaycan və PAŞA Bank tərəfindən təşkil olunmuş 2013-cü il üzrə birgə esse yarışması başa çatıb.
Oxu.Az xəbər verir ki, məqsədi iqtisadi artım, islahatlar və inkişaf ilə bağlı məsələlərə nəzər alaraq, gələcək inkişaf uğrunda həyata keçirilən proseslərdə gəncləri daha fəal iştiraka həvəsləndirmək olan layihəyə 120-dən çox ərizə qəbul olunub.
Müsabiqə üç mərhələdə keçirilib: birinci mərhələdə yazı, ikinci və üçüncü mərhələlər isə müsahibələrdən ibarət olub. Hər üç mərhələdən sonra bu layihədə qalib gəlmiş gənclərimizin sayı və adları məlum olub.
Belə ki, bu il Londonda yerləşən King Kollecdə təşkil olunan Biznes və Menecmentlik üzrə yay kurslarında iştirak hüququnu Azərbaycan Dövlət İqtisad Universitetinin (AzDİU) tələbələri Günay Gözəlova, Ceyhun Hüseynov, İsmayıl Mirhadi, Azərbaycan Diplomatik Akademiyasının tələbəsi Toğrul Novruzlu və Qafqaz Universitetinin tələbəsi Zamir Salmanov qazanıblar. AzDİU-nun daha bir tələbəsi, keçən il eyniadlı müsabiqədə qalib olan,Murad Həmidov Fəxri birinci yer mükafatı təqdim edilib.
Onu da qeyd edək ki, British Council Azərbaycan-ın direktoru Elizabet Vayt gənclərimizdən heyranlığını gizlətməyib:
“Azərbaycana ilk səfəri olan və bu tip yarışda ilk dəfə iştirak edən şəxs kimi onu deyə bilərəm ki, yazılan esselərdən çox təsirləndim. Heç şübhəsiz bütün iştirakçılar müsabiqəyə böyük qayğı və diqqətlə yanaşmışlar və qeyd etməliyəm ki, bir çox esselərdə olduqca diqqəti cəlb edən tətbiqi və orijinal düşüncə tərzli məqamlar nümayiş olunmuşdu”