Azərbaycan Respublikasının dövlət dilinin tətbiqinə nəzarət edən, kütləvi informasiya vasitələrində, internet resurslarında və reklam daşıyıcılarında ədəbi dil normalarının qorunmasını təmin edən, dövlət büdcəsindən maliyyələşən Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi publik hüquqi şəxs yaradılması çox mühüm hadisədir.
Ölkə prezidentinin bu fərmanı hər bir Azərbaycan vətəndaşı, Azərbaycan dilinin, Azərbaycan türkcəsinin keşiyində dayanan hər bir kəs tərəfindən təqdirlə və məmnunluqla qarşılanır.
Bunu Oxu.Az-a açıqlamasında Milli Məclisin (MM) Mədəniyyət komitəsinin sədr müavini, filologiya elmləri doktoru Jalə Əliyeva deyib.

O qeyd edib ki, Azərbaycan dilinin, dövlət dilinin qorunub, saxlanılması, inkişaf etdirilməsi yönündə, bu, ilk sənəd deyil.
Deputatın sözlərinə görə, Azərbaycan dilinin inkişaf etdirilməsi gələcək nəsillərə ötürülməsi yönündə ulu öndər Heydər Əliyev və ölkə prezidenti İlham Əliyev tərəfindən bir neçə çox mühüm əhəmiyyətli sənədlər imzalanıb, həmçinin, MM tərəfindən müvafiq qanun qəbul edilib:
“Hər zaman Azərbaycanda dövlət, ölkə rəhbərliyi səviyyəsində dövlət dilinə böyük diqqət, qayğı, ehtiram göstərilib.
Bunlar hər birimizin gözü qarşısında baş verib. Yəni, dövlət dilinin qorunub, saxlanılmasının, inkişaf etdirilməsinin təmin olunması Azərbaycan dövlətinin və ölkə rəhbərliyinin daimi prioritetlərindən olub və bu gün də belədir. Ancaq çox təəssüflər olsun ki, bəzən dövlət dilinə biganə, laqeyd münasibət də özünü göstərib və göstərməkdədir. Reklam çarxlarında, binaların üzərinə vurulan lövhələrdə, mediada, telekanallarda dilimiz bərbad vəziyyətə salınıb. Bəzən bilmək olmur və olmayıb ki, bu, bizim dilimizdir, yoxsa, başqasının?!
Dil müqəddəsdir, milli kimliyimizdir. Dünyada tarixən çoxlu dillər olub, ancaq onların bir çoxu sonra başqa dillər arasında, əriyib, əridilib, yox edilib. Yəni, ölü dillərə çevrilib. Ancaq bizim bir xalq, bir millət olaraq, xoşbəxtliyimiz ondadır ki, tarixən müəyyən və zaman-zaman müdaxilələrə, yad təsirlərə baxmayaraq, dilimizi, ana-dövlət dilimizi, Azərbaycan türkcəsini qoruyub, saxlaya, yaşada, bugünümüzə çatdıra bilmişik.
Bu, böyük xoşbəxtlik və mənəvi üstünlükdür. Amma bəzən öz əlimizlə öz dilimizi sanki məhv edirik, onu bərbad vəziyyətə salırıq. Olmaz, buna kimsənin haqqı çatmır. Dillə oynamaq olmaz. Ona görə hesab edirəm ki, ölkə prezidentinin son fərmanı bu istiqamətdə irəliyə atılan çox mühüm addımdır.
Bununla dilimizi, onun incəliklərini, saflığını qoruyub, saxlamaq, inkişaf və təmin etdirmək daha da mümkün olacaq”.
Şair, millət vəkili Tahir Rza da son fərmanın Azərbaycan, dövlət dilinin qorunması istiqamətində atılan addımların ən mühümlərindən və önəmlilərindən biri olduğunu bildirib.
O, qeyd edib ki, bu, bir daha Azərbaycan dövlətinin ana dilinə olan münasibətini açıq şəkildə ortaya qoyur və öz dilinə, öz dilimizə hələ də xor baxanlara bir örnək, nümunədir:

“Bilirsiniz, dil elə-belə, adi, sıradan məsələ deyil.
Ana, vətən, xalq dilə bağlıdır. Ana dili xalqımızın tarixini, mədəniyyətini, dinini, adət-ənənələrini, əxlaqi keyfiyyətlərini, dünyaya, insana, həyata baxışını, milli xüsusiyyətlərini özündə əks etdirən, yaşadan əbədi milli varlıqdır.
Heç vaxt tükənməyən, dəyərdən düşməyən, əsrlərin sınaqlarından çıxıb bu günə kimi bizi tanıdan, şöhrətləndirən, qolumuza qüvvət, gözümüzə nur verən milli sərvət, qürur mənbəyimizdir. Bizə süd verib boya-başa çatdıran, gecə-gündüz qayğımıza qalan anamızın dili anamız qədər əziz, babalarımız kimi müdrik, əcdadlarımız tək unudulmazdır. Ana dilini sevməyən, qiymətləndirməyən, qorumayan, yaşatmayan insanın anasını, vətənini, xalqını sevməyinə inanmıram.
Əgər ana dilimizi mükəmməl bilmiriksə, ona biganəyiksə, dindən, mənəviyyatdan, ünsiyyətdən uzağıq, nəinki dilimizə, xalqımıza, əcdadlarımıza, keçmişimizə, gələcəyimizə, nəslimizə-kökümüzə biganəyik. Mərhum Heydər Əliyevin “Öz ana dilini bilməyən adamlar şikəst adamlardır” müdrik kəlamı xalqın ruhundan doğulub və milyonların fikrinin, ürək yanğısının ifadəsidir.
Azərbaycanlı olub, bu torpağın çörəyini yeyib suyunu içən, varlığından qidalanan, vəzifə, iş-güc sahibi olan bir insanın öz ana dilində danışa bilməməsi, fikrini ifadə etməyi bacarmaması, deyilənləri tam başa düşməməsi, milli tariximizdən, ədəbiyyatımızdan, folklorumuzdan xəbərsiz olması, hətta övladlarına ana dilində danışmağa qadağa qoyması, xaricdən dayə gətirib onlara başqa dilləri öyrətməsi, əcnəbi ruhda tərbiyə verməsi yolverilməzdir, bağışlanılmazdır...”.
“Çox zaman cəmiyyətdə, mediada, o cümlədən, parlamentdə ən çox mübahisə doğuran məqamlardan biri də elə siz dediyiniz məqamlardır. Hələ də dilimizə, öz ana dilinə xor, barmaqarası baxanlarımız var və özü də az deyillər...” sualına cavabında isə millət vəkili bildirib ki, bunlar çox ağrılı və bağışlanılmaz bir haldır, məsələdir:
“Belələrini heç cür anlamaq və onların arqumentlərini qəbul etmək, bəhanələrinə heç cür bəraət qazandırmaq mümkün deyil.
Əgər sən bu xalqın, bu millətin, bu dövlətin nümayəndəsisənsə, o zaman zəhmət çəkib, ana dilində də danışmalısan, onu sevməlisən, ona xor baxmamalısan.
Sənin buna haqqın yoxdur. Ümummilli liderimiz sağlığında öz ana dilinə biganə olan belələrini şikəst adlandırmaqla bərabər, həm də onlara ciddi iradlarını bildirir, məsləhətlərini verirdi:
“Ana dilini bilməmək, ana dilini qiymətləndirməmək, şübhəsiz ki, xalq qarşısında böyük qəbahətdir. Hər bir xalq öz dili ilə yaranır. Ancaq xalqın dilini yaşatmaq, inkişaf etdirmək və dünya mədəniyyəti səviyyəsinə qaldırmaq, xalqın qabaqcıl adamlarının, elm, bilik xadimlərinin fəaliyyəti nəticəsində mümkün olur”.
Heydər Əliyev ömrünün son anına kimi ana dilimizin saflığı, inkişaf etdirilməsi uğrunda qətiyyətlə mübarizə aparmış, zəngin, ahəngdar, dərin tarixi köklərə malik olan, ürəkdən sevdiyi, əzizlədiyi ana dilində danışmaqdan fəxr duyduğunu qürurla bildirib.
İstər Sovetlər dövründə, istərsə də müstəqillik illərində ölməz rəhbərin dilimizin inkişafı, təkmilləşməsi sahəsində həyata keçirdiyi tədbirlər, qəbul etdiyi qərarlar, imzaladığı sərəncamlar, fərmanlar bunun bariz nümunəsidir.
Sovet dövründə Azərbaycan Konstitusiyasında “Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir” fikrinin ifadə olunması Heydər Əliyevin qətiyyətli mövqeyinin, ana dilinə sonsuz sevgisinin ifadəsi idi.
Sonralar bu mövqe, bu istək müstəqil Azərbaycanın 12 noyabr 1995-ci il tarixdə qəbul olunmuş Konstitusiyasında, “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” fərmanda, “Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında”, “Dövlət dili haqqında” qanunlarda və digər sənədlərdə öz əksini dolğun şəkildə tapıb, rəhbərə ümumxalq məhəbbəti qazandırıb.
Heydər Əliyevin həyata keçirdiyi dil siyasəti dövlət quruculuğu siyasətinin tərkib hissəsi olmaqla, ardıcıllığı və səmərəliliyi ilə daim fərqlənib, dilimizin inkişafına, saflığına mühüm töhfələr verib.
Xalqın mənəvi varlığı kimi ana dilini dərindən və mükəmməl öyrənmək, sevmək, dilin qayğısına qalmaq, saflığını qorumaq, onunla fəxr etmək, nitqimizin gözəlliyini duymaq, bu gözəlliyi hər zaman, hər yerdə təbliğ etmək, dilimizdə düzgün danışmaqla hamıya nümunə olmaq, zəngin lüğət tərkibindən və söz ehtiyatlarından bacarıqla istifadə etmək, dilə yad olan meyillərdən qətiyyətlə uzaqlaşmaq, rəhbərin dil siyasətini səciyyələndirən başlıca amillərdir.
Prezident İlham Əliyevin bu siyasəti ardıcıl davam etdirməsi ana dilimizin təkmilləşdirilməsini daha da sürətləndirib. “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında”, “Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin Azərbaycan dilində nəşri nəzərdə tutulan əsərlərinin siyahısının təsdiq edilməsi haqqında” sərəncamları, “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı” və digər mühüm tədbirlər dil siyasətini dəyərləndirən əyani nümunələrdir və elmi təşkilatlarımız, alimlərimiz, ziyalılarımız, müəllimlərimiz, eləcə də hər bir vətəndaş qarşısında yeni vəzifələr qoyur.
Cənab İlham Əliyev qətiyyətlə deyir: “Biz əsrlər boyu dilimizi qorumuşuq. Biz Azərbaycan dilinin saflığını təmin etməliyik”.
Bu kəlmələr ana dilini sevən, ona hörmət bəsləyən hər bir insan üçün həm məsuliyyət, həm də tapşırıqdır. Rəhbər, azərbaycanlı məsləhətidir.
Ölkədə Azərbaycan dilinin inkişafına, təbliğinə göstərilən qayğı və diqqət hər birimizi sevindirir. İnsanlar bu qayğını yalnız dilimizə deyil, tariximizə, mədəniyyətimizə, əcdadlarımıza, gələcəyimizə, ölkəmizin tanıdılmasına göstərilən diqqət kimi qiymətləndirirlər. Hər bir kəs bu sahədə nəyəsə nail olmağa can atır.
Odur ki, son fərman da bu istiqamətdəki ən mühüm addımlardandır və dilimizə xor baxanlara bir örnək, bir xəbərdarlıq, həm də bir tərs şapalaqdır”.
Kamil HƏMZƏOĞLU
www.oxu.az