Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Bu gün Azərbaycanda İlaxır çərşənbədir - VİDEO
Bayram idi, gecəquşu oxurdu,
Adaxlı qız bəy corabın toxurdu,
Hər kəs şalın bir bacadan soxurdu,
Ay nə gözəl qaydadı şal sallamaq,
Bəy şalına bayramlığın bağlamaq.
Bu gün xalqımızın əziz bayramıdır, bahar nəfəsini torpağa toxundurur,ellərimizə, obalarımıza İlaxır çərşənbənin çal-çağırı ilə Novruz gəlir. Yəqin indi evlərinizdəki balacalar sabahı həyəcanla gözləyirlər, tonqal üstdən atlayıb, bayram payı yığmağa çalışacaqlar, sonra torbalarına doldurduqları əziz neməti ortaqlaşıb deyib, gülə-gülə yeyəcəklər. Evlərdən şəkərbura, paxlava, plov qoxusu yayılacaq. Unudulanlar yad ediləcək, küsülülər barışacaq. Ay nə gözəl qaydadır şal sallamaq!
İnanclarımıza görə, Novruz ərəfəsində sonuncu çərşənbədə yer oyanır, torpaq nəfəs alır. Bu çərşənbə xalq arasında İlaxır Çərşənbə və ya Torpaq çərşənbəsi adlanır. Torpaq çərşənbəsi yetişəndə torpaq artıq əkinə hazır olur və ona toxum səpmək olar.
İlaxır çərşənbə bir sıra bölgələrdə, xüsusilə Naxçıvan, Urmiya, Təbrizdə özünün təntənəsi ilə hətta Novruz bayramını geridə qoyur. İlaxır çərşənbənin özünəməxsus adət-ənənələri, ayinləri, oyunları var. Bu çərşənbə torpağın və özündən əvvəllki 3 mühüm ünsürün — su, od və yelin oyanması əkinçik həyatının başlanmasına işarədir.
Bu çərşənbədə insanlar səhər tezdən bulaq başına və ya su üstünə gedərlər, suyun üzərindən tullanar, ürəklərindəki arzu-diləkləri suya danışarlar. Ədalətsizlik edənləri, nahaq qan tökənləri suya tapşırarlar. Bu, əhali arasında geniş yayılıb.
Axırçərşənbəyə bir neçə gün qalmış evlər təmizlənər. Deyilənlərə görə, bu bayramda təzə paltar geyinmək uğur gətirər. Küsülülər barışar, nəs danışılmaz, içki içmək, nalayiq işlər görmək olmaz. Axırçərşənbə günü insanın əməli, niyyəti, nəfsi də təmizlənmiş olar.
Axırçərşənbə gününün ertəsi günü ev sahibi bir ovuc buğda götürüb evin damına atar və bununla da evinə bərəkət-bolluq arzu etmiş olar.
Bundan başqa, ev sahibi və ya ailə üzvlərindən biri kuzədə bir parça qara kömür, bir ovuc duz və bir neçə qara qəpik qoyar, sonra onları damdan atardılar. Deyilənə görə, kömür qara günün, duz acgözlük, gözüşorluluq, qəpik isə yoxsulluğun nişanəsidir. Ona görə də əcdadlarımız bununla özlərini yoxsulluqdan və bu kimi şeylərdən qurtarmağa çalışarmışlar.
İlaxır çərşənbədə tonqal qalayanda yaş ağacdan istifadə olunmaz. Ərgən qızlar xeyli aralıda arxası qapıya tərəf durub ayaqlarındakı ayaqqabının sağ tayını qapıya doğru atarlar. Əgər ayaqqabının baş tərəfi qapıya doğru düşürsə, bu, həmin il qızın ailə qurub köçəcəyinə işarədir, yox əgər ayaqqabının arxası qapıya tərəf düşəcəksə, onda qız hələ bir qədər də gözləməli olacaq.
İlaxır çərşənbədə qapı pusma və başqa fallar var, insanlar ürəklərində niyyət edib qapı pusarlar. Niyyətləri ilə evdən eşitdikləri sözlər arasında müəyyən uyğunluqlar tapmağa çalışarlar. Bu uyğunluq tapılarsa, o zaman arzularının reallaşacağına inanarlar. Buna görə, son çərşənbədə kimsə pis sözlər danışmaz ki, kimsənin könlü qırılmasın.
Özü qədər, niyyəti, amalı da gözəl olan Novruzumuza qovuşuruq. Bayramınız, mübarək olsun, qayım, qədim ellərimiz.
İlhamə Rəsulova
VİDEO : İlhamə Kələyeva, Valeh Arifoğlu
"Azərbaycan" teqi üzrə xəbərlər
- Azərbaycanla Braziliya arasında bir il: COP30-dək hansı hədəflərə çatmalıyıq?
- Türk dünyasının YAŞIL GÜNDƏMİ: Azərbaycan, Qazaxıstan və Özbəkistanın Strateji Tərəfdaşlığı
- Annalena Berbok: "Bakıda bütün qitələrdə iqlim koalisiyalarının yaradılması üzərində çalışırıq"
- Azərbaycan Macarıstanın Avropa İttifaqına sədrliyini alqışlayır
- Amadou Sov: "Yeni Qvineya malyariya, daşqınlar və meşələrin qırılması ilə mübarizə aparır"
Rəylər