“Yola saldığımız il yarım səhiyyə mövzusunda müsbət xatırlanmasa da, səhiyyə işçilərinə göstərdikləri fədakarlığa görə təşəkkür edirəm”.
Oxu.Az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp Ümumdünya Səhiyyə Təşkilatının "PROACT-Care” layihəsi çərçivəsində Şamaxı rayonunda TƏBİB-ə 3 mobil klinikanın təhvil verilməsi mərasimində deyib.
O bildirib ki, hər bir ölkə özünəməxsus şəkildə COVID-19-la mübarizə aparıb:
“Böyük Britaniya da dünya ölkələri kimi COVID-19 ilə mübarizə aparıb. Biz bu pandemiya ilə mübarizə çərçivəsində Azərbaycanla birgə layihələr həyata keçirmişik. Bu yaxınlarda böyük yeddilik ölkələrində qlobal sammit həyata keçirmişik. Sammitdə əsas hədəf dünyada COVID-19 pandemiyasının qarşısının alınması istiqamətində ölkələrin hansı üsullardan istifadə etdiyini göstərmək idi.
Yeddilik ölkələrinin sammitində qarşıya qoyulan əsas məqsədlərdən biri daha tez, daha sürətli olaraq bütün dünyada vaksinlərin yayılmasına köməklik göstərməkdir. Yeddilik sammitində 2 milyard doza vaksin dünya ölkələrinə paylanılması razılaşdırılıb”.
“Qarşıya qoyduğumuz strategiyanın mərkəzində ÜST dayanır ki, o da öz növbəsində bütün dünyada pandemiya ilə mübarizədə əsas rol oynayır. Ənənəvi olaraq Böyük Britaniyanın Azərbaycandakı səfirliyi səhiyyə sahəsində daha çox layihə həyata keçirib. Lakin son il yarım ərzində biz obyektiv səbəblərdən bu sahəyə daha çox diqqət ayırmışıq. “PROACT-Care” layihəsi çərçivəsində biz xarici mütəxəssisləri ölkəyə gətirməklə xəstəxanalarda bu təcrübənin yayılmasına dəstək olaq”.
Könül Cəfərli
FOTO: Tapdıq Abdullayev