"Bəzi ölkələrdə həkimlərin hərbi xidməti qısa müddətli, maaşlı və ixtisaslarına uyğun şəkildə təşkil olunur. Bizdə də bu dəyişikliklərə getməklə klassik çağırış modelindən daha təşəkküllü və effektiv xidmət modelinə keçid etmək mümkündür".
Oxu.Az xəbər verir ki, bunu deputat Rəşad Mahmudov Milli Məclisdə "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin təsdiq edilməsi barədə" və "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə aparılan müzakirə zamanı deyib.
Deputat qeyd edib ki, bu yanaşma qanunvericilikdə də öz əksini tapa bilər:
"Bir həkimin, mühəndisin və ya xüsusi texniki bilik tələb edən mütəxəssisin hazırlanması illər, bəzən onilliklər tələb edir. Bu cür kadrların uzun müddət peşə fəaliyyətindən tam ayrılması nə dövlət üçün səmərəlidir, nə də xidmətin mahiyyətinə uyğundur.
Təklif etdiyim yanaşmanın əsas fəlsəfəsi ondan ibarətdir ki, hərbi xidmət anlayışı peşədən uzaqlaşma yox, peşə üzərindən xidmət formasına çevrilsin. Yəni həkim orduda həkim kimi, texniki mütəxəssis öz ixtisası üzrə, dövlətə real fayda verərək xidmət etsin.
Bu model beynəlxalq praktikaya tam uyğundur. Qardaş Türkiyə başda olmaqla bir sıra ölkələrdə həkimlərin hərbi xidməti qısa müddətli, maaşlı və ixtisaslarına uyğun şəkildə təşkil olunur. Bu, nə güzəşt, nə də istisnadır - bu, ağıllı dövlət idarəçiliyidir.
Burada məqsəd hər hansı bir sahə və ya qrup üçün üstünlük yaratmaq deyil. Əsas məqsəd dövlətin ehtiyaclarını daha ağıllı və səmərəli şəkildə qarşılamaqdır. Qanun layihəsində xidmət müddətinin azaldılması, könüllülük və müqavilə mexanizmlərinin genişləndirilməsi gələcəkdə belə bir modelin hüquqi bazasını formalaşdırır. Bu yanaşma həm ordunun real ehtiyaclarını qarşılayır, həm səhiyyə və texniki sahələrdə kadr itkisinin qarşısını alır, həm də vətəndaşın dövlətə xidmət motivasiyasını gücləndirir".
O, əlavə edib ki, tibb fakültəsini bitirən həkimlərin xarici ölkələrə getməsinin əsas səbəbləri öz ixtisas fəaliyyətini itirməməkdir:
"Aparılan statistik rəqəmlərdə əksini tapan məlumatlara görə, onların çox az bir hissəsi hərbi xidmətə cəlb olunur, əksəriyyəti isə təhsilini xarici ölkələrdə davam etdirir.
Bu baxımdan düşünürəm ki, gələcəkdə bu mövzunun aidiyyəti qurumlar qarşısında müzakirə olunmasına ciddi ehtiyac var. Təklif edilən dəyişikliklər həm milli təhlükəsizlik maraqlarına, həm təhsilin davamlılığına, həm də müasir dövlət idarəçiliyi prinsiplərinə tam cavab verir".
Aygün Mirakif