Milli Məclis Dövlət Sosial Müdafiə Fondunun 2026-cı il üzrə büdcəsini birinci oxunuşda qəbul edib.
Oxu.Az-ın məlumatına görə, sənəd parlamentin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.
Fondun 2026-cı il üzrə xərcləri 8 milyard 483 milyon 70 min manat məbləğində müəyyən edilir.
Sənədə əsasən, bu xərclərin maliyyələşmə mənbəyi aşağıdakılar olacaq:
- Dövlət Sosial Müdafiə Fondunun 2026-cı il büdcəsinin gəlirləri 8 milyard 323 milyon 100 min manat;
- Dövlət Sosial Müdafiə Fondunun 2026-cı il yanvarın 1-nə yaradılmış ehtiyatından 2026-cı ilin xərclərinin maliyyələşdirilməsinə yönəldilən 160 milyon manata yaxın vəsait.
Dövlət Sosial Müdafiə Fondunun (o cümlədən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) aparatının və digər struktur bölmələrinin) hesablarında qalan sərbəst vəsait "Sosial sığorta haqqında" Qanuna uyğun olaraq növbəti ilin xərclərinin maliyyələşdirilməsinə və (və ya) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən investisiyaya yönəldiləcək.
Büdcə ili ərzində dövlət büdcəsindən maliyyələşən təşkilatlara nəzərdə tutulmuş məcburi dövlət sosial sığorta haqları üzrə vəsaitlər tam məbləğdə daxil olmadıqda Fondun büdcəsinin balanslaşdırılması məqsədilə dövlət büdcəsinin öhdəliklərinin maliyyələşdirilməsi üçün ayrılan vəsaitin məbləği nəzərdə tutulmuş və faktiki hesablanmış məcburi dövlət sosial sığorta haqları arasındakı fərq qədər artırılacaq. Artıq daxil olduqda isə nəzərdə tutulmuş və faktiki hesablanmış məcburi dövlət sosial sığorta haqları arasındakı fərq qədər azaldılacaq.
Samir Əli