Alimlər müəyyən ediblər ki, vəhşi quşları yemləmək insanların özünü daha yaxşı hiss etməsinə əhəmiyyətli dərəcədə kömək edir.
Oxu.Az AMBIO jurnalına istinadən xəbər verir ki, araşdırmada iştirak edən vəhşi quşları yemləyən insanların 95 faizi bunun müsbət təsirini hiss etdiyini bildirib.
Quşları yemləmək təbiətlə əlaqəli ən geniş yayılmış məşğuliyyətlərdən biridir. Təkcə ABŞ-də təxminən 56 milyon yetkin insan bununla məşğul olur. Alimlər təbiətlə təmasın psixika üçün faydalı olduğunu uzun müddətdir ehtimal edirdilər, lakin belə sadə vərdişin nə dərəcədə fayda verdiyi məlum deyildi.
Virciniya Politexnik İnstitutunun əməkdaşı Kelli Lanqhansın rəhbərlik etdiyi tədqiqatçılar altı ay ərzində yem qablarının qarşısında quşları müşahidə ediblər. Alimlər həmin dövrdə quşların yemlənməsinin və digər əhəmiyyətli həyat hadisələrinin insanların rifahına təsirini müqayisə ediblər.
Məlum olub ki, iştirakçıların 95 faizi quşları yemləməyin rifahlarına müsbət təsir etdiyini bildirib. Digər həyat hadisələri ilə bağlı bu göstərici isə 55 faiz olub.
Tədqiqatçılar quşları yemləməyin üç əsas faydalı mexanizmini müəyyənləşdiriblər: sevinc və sakitlik kimi müsbət emosiyalar; insanın quşları maraq və həvəslə müşahidə etməsi nəticəsində yaranan maraq və prosesə cəlbolunma; həmçinin quşlara kömək etmək və ya elmə töhfə verməkdən yaranan məna hissi.
Bununla belə, alimlər xatırladırlar ki, quşları düzgün şəkildə - uyğun yemlə və yem qablarını təmiz saxlayaraq - bəsləmək lazımdır ki, onlara zərər dəyməsin.