Milli Məclisin deputatı Elşad Musayevin Bakıda tıxacların yaranma səbəbləri ilə bağlı açıqlamasına beynəlxalq idarəetmə sistemləri üzrə mütəxəssis Asif İbrahimovdan cavab gəlib.
Deputat Oxu.Az-a açıqlamasında bildirmişdi ki, tıxacların yaranma səbəblərindən biri universitetlərlə yanaşı, nazirliklərdir. O, bu səbəbdən universitetlərin və nazirliklərin böyük hissəsinin Bakıdan kənarda yerləşdirilməli olduğunu qeyd edib.
Mütəxəssis Oxu.Az-a açıqlamasında deyib ki, Bakıda tıxac problemini həll etmək məqsədilə nazirliklərin, dövlət qurumlarının və universitetlərin regionlara köçürülməsi ilə bağlı səsləndirilən fikirlər dövlət idarəetməsinin mahiyyəti nəzərə alınmadan verilən təkliflər təsiri bağışlayır:

"Tıxacın səbəbini nazirliyin hansı binada yerləşməsində axtarmaq idarəetmənin mahiyyətini yanlış qiymətləndirməkdir. Nazirliklər dövlət mexanizminin bir-birindən təcrid olunmuş hissələri deyil. Onlar vahid dövlət idarəetmə sisteminin elementləridir və iqtisadi, maliyyə, sosial, hüquqi, humanitar və digər istiqamətlər üzrə bir-biri ilə fasiləsiz koordinasiya şəraitində fəaliyyət göstərirlər. İdarəetmədə bunun adı sistem yanaşmasıdır.
Siz bu sistemi fiziki olaraq parçalayaraq müxtəlif regionlara göndərməklə avtomatik olaraq daha effektiv idarəetmə əldə etməyəcəksiniz. Əksinə, koordinasiya zəifdirsə, məsafənin artırılması problemi daha da dərinləşdirə bilər.
Məsələn, "Kənd Təsərrüfatı Nazirliyinin Bakıda nə işi var?" yanaşması səthi səslənə bilər, amma dövlət idarəçiliyi bu qədər sadə deyil. Kənd təsərrüfatı siyasəti maliyyə, vergi, gömrük, logistika, su ehtiyatları, infrastruktur, sosial siyasət, sahibkarlıq və regional inkişaf siyasətindən ayrı mövcud deyil.
Bu qurumların hamısını müxtəlif şəhərlərə səpələyib, sonra onların operativ koordinasiyasını necə təmin edəcəyinizi izah etmədən "tıxac azalacaq" demək idarəetmə arqumenti deyil.
Azərbaycanda qurumlararası koordinasiyanın nə qədər problemli olduğunu göstərən kifayət qədər real nümunələr var. Yol çəkilir, sonra məlum olur ki, həmin yolun altından kommunikasiya xətti keçirilməlidir. Asfalt qazılır, kommunikasiya xətti çəkilir və yol yenidən bərpa olunur.
Burada problem nazirliklərin Bakıdan çıxmaması deyil. Problem planlaşdırmanın, məlumat mübadiləsinin və koordinasiyanın düzgün qurulmamasıdır. İndi təsəvvür edin ki, mövcud koordinasiya problemi olan sistemi bir də coğrafi baxımdan parçalayırıq. Bu halda idarəetmə sadələşməyəcək, daha da mürəkkəbləşəcək".
Onun sözlərinə görə, Bakıda tıxac problemini nazirliklərin ünvanını dəyişməklə deyil, şəhərin iqtisadi yükünü azaltmaqla həll etmək lazımdır.
"Bunun üçün paytaxtdan kənarda keyfiyyətli iş yerləri, universitetlər, xidmətlər, biznes infrastrukturu və normal nəqliyyat sistemi yaradılmalıdır", - deyə Asif İbrahimov əlavə edib.