Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Elmar Qasımov: “Bəzi planlarımız həyata keçsə, BANM top-universitetlər sırasına düşəcək” - MÜSAHİBƏ + FOTO
“Ali məktəbimizin bugünkü hədəflərindən birincisi reputasiyamızı qoruyub saxlamaq, bilikli və bacarıqlı gənclərin daha çox ali məktəbimizi seçmələri, beynəlxalq əməkdaşlığımızın genişlənməsindən ibarətdir”
Bu sözləri bizə SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov “Report”a müsahibəsi zamanı deyib.
Həmin müsahibəni təqdim edirik.
- Bu gündən yeni tədris ili başlayır. Ali məktəblərə qəbulun nəticələri də bir müddət əvvəl açıqlandı. Bakı Ali Neft Məktəbi ən yüksək keçid balı ilə yenə liderdir. Göstəricilər necə oldu?
- SOCAR-ın Bakı Ali Neft Məktəbi 15 sentyabr - Bilik Gününə, yeni tədris ilinə böyük nailiyyətlərlə başlayır. Ötən illərdə olduğu kimi, 2023/2024-cü tədris ili üçün də qəbul göstəricilərimiz çox yüksək səviyyədədir. Belə ki, qəbulun nəticələrinə əsasən, bu il də Bakı Ali Neft Məktəbi qəbul yerləri tam dolan bir neçə ali təhsil müəssisəsindən biridir. Eyni zamanda, ölkədə ən yüksək keçid balı olan ixtisas yenə də Bakı Ali Neft Məktəbinin “İnformasiya təhlükəsizliyi” ixtisası olub. Həmin ixtisas üzrə builki keçid balı 673,3-dür.
Ümumiyyətlə, bu ixtisas tədrisinə başladığımız vaxtdan ilin ixtisası seçilib. Ölkənin ən bilikli, bacarıqlı, ən yüksək bal toplayan abituriyentləri məhz Bakı Ali Neft Məktəbini və həmin ixtisası seçirlər. Bu ixtisasın bu cür yüksək nəticəsi bizi sevindirir. Çünki bu mühəndislik ixtisası ölkəmizdə fəaliyyət göstərən müəssisələr, şirkətlər üçün böyük əhəmiyyətə malik ixtisasdır. Bundan əlavə, qeyd etməliyəm ki, bu qəbulun nəticələrinə əsasən, ölkədə ən yüksək keçid balı olan 4 ixtisasın 3-ü məhz Bakı Ali Neft Məktəbinin mühəndislik ixtisasları olub. Yüksək bal toplamış bilikli, bacarıqlı gənclərimizin seçimləri göstərir ki, texnologiya, Dördüncü Sənaye İnqilabının nəticələri öz təsirini göstərir. Bildiyiniz kimi, Dördüncü Sənaye İnqilabı rəqəmsal inqilabdır və gənclərimizin seçdiyi ixtisaslar arasında məhz İT ixtisasları, yaşıl texnologiyalarla bağlı Kimya mühəndisliyi ixtisası böyük rol oynayır.
Bu il üçün 50-yə yaxın tələbə “İnformasiya təhlükəsizliyi” ixtisasını seçib. Bunlar elə ixtisaslardır ki, tələbələrimiz məzun olmadan da artıq ikinci, üçüncü kurslardan yarımştat formada müxtəlif şirkətlərdə, müəssisələrdə, hətta onlayn şəraitdə işə başlayırlar. Yəni ikinci, üçüncü kurslarda artıq bu gənclərin iş yerləri olur. Yəni gənclər iş tapmaq üçün bu ixtisası seçmirlər. Savadlı gənc bu peşəni və ixtisası sevməlidir, sonradan seçimini etməlidir. Əgər desək ki, məhz işə görə bu ixtisası seçir, səhv edərdik. Bu, artıq dövrün tələbidir. Rəqəmsal dünyadayıq, hər bir addımımız rəqəmsal texnologiyaların tətbiqi ilə başlayır və bitir. Ona görə də gənclər bu peşəni sevib gəlirlər.
Ali məktəbimizin yeni tədris ilinə uğurla başlayarkən həm də tələbələrimizin beynəlxalq və yerli müsabiqələrdə qazandıqları uğurları, builki məzunlarımızın da əksəriyyətinin nüfuzlu müəssisələrdə çalışmağa başlamasını, bir qisminin xarici universitetlərdə təqaüdlə təhsil almalarını da vurğulamaq istəyirəm.
- Yeni tədris ili üçün BANM-də hansı yeniliklər həyata keçirilib və əsas hədəflər nələrdir?
- Təbii ki, müasir dövrdə hər bir ali məktəbin hədəfləri var və olmalıdır. BANM ilk yaranan gündən hədəflər müəyyənləşdirib və buna doğru inamla addımlayır. Hansı hədəflərə çatırsa, yeni hədəflər müəyyənləşir. Ali məktəbimizin inkişafı, daim dinamik vəziyyətdə olması və çevik fəaliyyət göstərməsi onun hədəflərindən asılıdır. Ali məktəbimizin bugünkü hədəflərindən birincisi reputasiyamızı qoruyub saxlamaq, bilikli və bacarıqlı gənclərin daha çox ali məktəbimizi seçmələri, beynəlxalq əməkdaşlığımızın genişlənməsindən ibarətdir. BANM-də yeni ixtisasların açılması nəzərdə tutulur. Bu barədə tərəfdaşlarla danışıqlar aparılır. Misal olaraq, Bərpa olunan enerji mühəndisliyi üzrə magistratura proqramının açılmasına hazırlaşırıq. Böyük Britaniyanın Heriot-Vat Universiteti ilə bərabər bu ixtisasın açılması üzərində iş aparırıq. Həmçinin, Kompüter elmləri ixtisasının açılmasına hazırlıq görülür. Özbəkistanla imzalanan əməkdaşlıq müqaviləsinə görə orada iki ixtisasın - ingilis dilində Neft-qaz və Kimya mühəndisliyi ixtisasının açılması ilə bağlı işlər həyata keçirilir. Bundan başqa, İsrailin Teknion Universiteti ilə Kibertəhlükəsizlik ixtisası üzrə artıq danışıqlar başlanıb.
Eyni zamanda, Ali məktəbimizdə SOCAR-ın yüksək strateji rəhbərləri üçün Boğaziçi Universiteti ilə bərabər Liderlik Akademiyasının fəaliyyətinə başlamışıq. Bu gün həmin Akademiya uğurla fəaliyyət göstərir. ABŞ-nin Dyuk Universiteti ilə bərabər Layihələrin İdarəolunması Məktəbini (SPM) davam etdiririk. Yəni hədəflərimiz çoxdur. Əgər əvvəl hədəfimiz Azərbaycanın ən nüfuzlu universiteti olmaq idisə, bu gün dünya miqyasında tanınmaq, top-universitetlər arasında yüksək yer tutmaq və onların sırasına daxil olmaqdır.
- Ali məktəbin həm də yüksək şəraitli kampusu var. Kampusda vəziyyət necədir? Neçə tələbənin qəbulu üçün uyğundur?
- Kampusumuz yüksək şəraitli, müasir standartlara cavab verən kampusdur. Burada bir şəhərcik, tədris korpusları, konqres zalı, 1000 yerlik böyük futbol stadionu, iki qapalı stadion, bir qapalı hovuz, Tələbə evi, laboratoriya mərkəzləri, yeməkxana var. Ali məktəb üçün lazım olan bütün şərait yaradılıb. Şəhərciyimiz yeni tədris ilinə tam hazırdır. Xətaidə yerləşən inzibati binada Hazırlıq ili tələbələri, həmçinin MBA və mühəndislik ixtisaslarımızda təhsil alan magistratura tələbələri üçün tədris təşkil edilir. İki, üç, dörd və beşinci kursların ixtisas dərsləri Bibiheybətdə yerləşən şəhərciyimizdə davam etdirilir.
- Hazırda ali məktəbdə neçə ixtisas üzrə təhsil aparılır, gələcəkdə ixtisasların sayının artırılması nəzərdə tutulurmu?
- Hazırda ali məktəbdə bakalavriat səviyyəsi üzrə 6 ixtisas - İnformasiya təhlükəsizliyi, Kompüter mühəndisliyi, Kimya mühəndisliyi, Biznesin idarə edilməsi, Proseslərin avtomatlaşdırılması mühəndisliyi və Neft-qaz mühəndisliyi, eyni ixtisasların magistratura səviyyələri və MBA proqramı tədris olunur. Gələcəkdə bir neçə ixtisasın, xüsusən bakalavriat səviyyəsi üzrə Kompüter elmləri, magistratura səviyyəsi üzrə Bərpa olunan enerji üzrə mühəndislik, Əməyin mühafizəsi ixtisaslarına qəbulun həyata keçirilməsi barədə danışıqlar aparılır.
- Bir neçə xarici ölkə ilə mütəmadi əməkdaşlıq müqavilələri imzalanır. Tələbə mübadiləsi həyata keçirilirmi? Ümumilikdə, BANM-də bu günə qədər neçə əcnəbi təhsil alıb? Yeni tədris ili üçün bu göstərici necədir?
- Ali məktəbimizin beynəlxalq əlaqələri ildən-ilə genişlənir. Azərbaycanda fəaliyyət göstərən qlobal neft şirkətləri, transmilli şirkətlərlə çox sıx tərəfdaşlığımız olduğu kimi, dünyanın 50-yə yaxın universiteti ilə birbaşa əməkdaşlıq əlaqələrimiz mövcuddur. Bir çox xarici universitetlərlə maraqlı layihələr həyata keçirməyi planlaşdırırıq. Çin Neft Universiteti ilə əməkdaşlığımız mövcuddur. Bu yaxınlarda Almaniyadan gəlmiş 20-yə yaxın gənc mühəndis üçün “Neft hasil edən ölkələrdə enerji keçidi” mövzusunda yay məktəbi təşkil etdik. Yaxın vaxtlarda Çindən bir qrup tələbə ali məktəbimizə yay məktəbinə gəlir. Ali məktəbimizdə təhsil alan əcnəbi tələbələrin sayı ildən-ilə artır. Bakı Ali Neft Məktəbində əsasən Nigeriya, Türkiyə, İran, Qazaxıstan, Rusiya, Kanada, Əfqanıstan kimi ölkələrdən tələbələr təhsil alırlar. Onlar mühəndislik ixtisaslarına müraciət edirlər.
- Mütəmadi şəkildə BANM-in tələbələri xarici ölkələrdən təqaüd qazanıb. Bu günə qədər neçə tələbə belə təqaüdlər əldə edib?
- Təkcə bu il 30-a yaxın məzunumuz Prezident İlham Əliyevin təsdiq etdiyi “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı”nın qalibi olub. Bu da Azərbaycan universitetləri içərisində ən yüksək göstəricidir. Yəni Dövlət Proqramının qalibləri sırasında BANM-in məzunları birinci yerdədir. Eyni zamanda, məzunlarımız ABŞ, Böyük Britaniya, Almaniya, İtaliya, Fransa, Türkiyə, Polşa, Avstraliya və digər ölkələrin təqaüdlərini qazanırlar. Əsas məqsədimiz xaric üçün kadr hazırlamaq deyil. Hədəfimiz əmək bazarında tam rəqabətədavamlı, uğur qazanan kadrlar hazırlamaqdır. Ali məktəbimizin məzunları ilk növbədə SOCAR və ölkədəki digər transmilli şirkətlərdə fəaliyyətlərini davam etdirirlər.
- Azərbaycanda neft sahəsi üzrə ali təhsil verən əsas ali təhsil müəssisələri Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) və BANM-dir. Tələbələr hansı fərqlərə görə BANM-i seçməli olurlar? Əsas üstünlük nədir? Nəzərə almaq lazımdır ki, adətən yüksək bal toplayan abituriyentlər BANM-i seçir. Gəncləri burada təhsil almaları üçün necə qane edirsiniz?
- Dünyada bir ixtisas üzrə bir neçə universitet tədris həyata keçirir. Məsələn, Türkiyədə Orta Doğu, İstanbul və Yıldız Texniki Universitetləri eyni ixtisaslar üzrə təhsil verir və onlar arasında gözəl, sağlam rəqabət mövcuddur. Bu rəqabət sayəsində həmin təhsil müəssisələri dünyanın nüfuzlu universitetləri sırasına daxil olublar. BANM ilə ADNSU-nu fərqləndirmək istəməzdim. ADNSU nüfuzlu və uzun tarixi olan ali təhsil müəssisəsidir. BANM-in əsas fərqi tədrisin tam ingilis dilində olmasıdır. İkincisi, ali məktəbimizin proqramları tamamilə müasir dövrün tələblərinə cavab verir, bu da dünyanın ən nüfuzlu ölkələrinin universitetlərinin proqramları ilə bərabər hazırlanıb.
Bizim ali məktəbdə əsasən praktik biliklərə önəm verilir, istehsalatla inteqrasiya olunmuşuq. SOCAR-ın ali məktəbi olaraq, demək olar ki, istehsalat ali məktəbiyik. Burada sənaye, tədris və elm, tədqiqatlar üçbucağı formalaşıb. Gənclər üçün BANM çox cəlbedicidir və onlar həvəslə bizi seçirlər. Burada sağlam mühit, gənc müəllimlər, praktik biliklərə önəm verilməsi, sosial həyat, beynəlxalq əməkdaşlıq, tələbələrin xarici universitetlərə yarım semestrlik təhsilə göndərilməsi və bu kimi üstünlüklər BANM-i bilikli və bacarıqlı gənclər üçün cəlbedici edir.
- Yüksək bal toplayıb sizin ali məktəbə qəbul olan tələbələrin sonrakı göstəriciləri necə olur? Sona qədər təhsil göstəriciləri yüksək olurmu? Yaxud təhsil müddətində nəticəsi zəifləyən fakt olubmu?
- BANM-ə qəbul olan 90% tələbə öz hədəflərinə çatır və böyük uğur qazanır. Təbii ki, bütün tələbələr eyni məsuliyyətə və hədəfə malik olmurlar. Hər hansı uğursuzluğu olan tələbə digər universitetlərə köçürülür və təhsillərini davam etdirir.
- BANM-də təhsil alan tələbələrin xaric olunması halları varmı? Varsa, əsas səbəbi nə olur?
- Bu hal adətən təhsilini xaricdə davam etdirməklə əlaqədar olur. Tələbəyə buradakı proqram yükü ağır gələrsə, o zaman başqa universitetlərə köçürülə bilər. Sevindirici haldır ki, bu günə qədər nizam-intizam qaydasına görə heç bir tələbə BANM-dən xaric olunmayıb. Tələbələrimiz bilikli, bacarıqlı olduqları qədər təlimli, tərbiyəli, əxlaqi dəyərlərə malik, Azərbaycan gənclərinə xas olan keyfiyyətlərə malikdirlər.
- BANM-in çox sayda beynəlxalq uğurlarının şahidi oluruq. Lakin top xarici universitetlərin reytinqində yer almamağının səbəbi nədir? Çatışmayan nədir və bu istiqamətdə irəliləmək üçün BANM-in hədəfləri nələrdir?
- Bakı Ali Neft Məktəbi yaranan gündən ilk hədəfimiz ölkə daxilində nüfuz qazanmaq idi. Siz də razı olarsınız ki, ölkə daxilində nüfuzu olmayan, Azərbaycan gəncləri üçün etibarlı status qazanmadan dünya universitetlərinin top reytinqinə daxil olmaq qeyri-mümkündür. Bu gün qəbul imtahanlarında ən yüksək bal toplayan tələbələr məhz bizim ali məktəbi seçirlər. Bu, bizim uğurumuzdur. Bu gün Azərbaycanda xarici ölkələrin bir sıra ikili diplom proqramları fəaliyyət göstərir. Amma gənclərimizin xarici ölkələrin deyil, məhz Bakı Ali Məktəbinin diplomunu seçməsi artıq onu göstərir ki, ölkə daxilində böyük nüfuza malikik. Bundan sonrakı hədəfimiz dünya universitetləri reytinqinə daxil olmaqdır. Bu məsələdə bir sıra indikatorları üstələmişik. Misal olaraq, yüksək şəraitə malik kampusumuz fəaliyyət göstərir, antiplagiat sistemini tətbiq edirik. Şəffaflıq, karyera, əmək bazarında mütəxəssislərimizin sayının çox olması və s. digər üstünlüklərimizdir. Lakin tədqiqat sahəsində görüləcək işlər var. Bu sahədə planlarımız böyükdür. Həmin planlar həyata keçsə, yaxın gələcəkdə Bakı Ali Məktəbinin adını nüfuzlu top-universitetlərin sırasında görəcəyik.
- Bu təhsil müəssisəsini bitirib müəllim kimi fəaliyyətini məhz BANM-də davam etdirən məzunlarınız varmı? Varsa, təklifi siz etmisiniz?
- Əgər bu qədər yüksək səviyyəli, bilikli, bacarıqlı tələbələrimizi dünyanın və Azərbaycanın ən böyük şirkətləri işə dəvət edirlərsə, biz niyə etməyək?! Məzunlarımızı yüksək bacarıqlı mütəxəssis kimi ali məktəbimizə cəlb edirik. Hazırda BANM-də həm müəllim, həm də rəhbər heyətdə çalışan 40-a yaxın məzunumuz var. Bu say ildən-ilə artır. Məzunlarımızdan dekan müavini, şöbə müdiri və digər struktur rəhbər vəzifələri ilə yanaşı, gözəl müəllimlərimiz formalaşıb, doktoranturamız fəaliyyət göstərir. Təklifi əsasən mən edirəm. Bilikli, yüksək nəticə göstərən gənclərimizi bizimlə işləməyə dəvət edirəm. Çalışırıq ki, həmin gənclər BANM-də qalıb gözəl ənənələri davam etdirsinlər.
- BANM-də kollektivdaxili münasibətlər necədir, gender bərabərliyi qorunurmu?
- Bu sualı kollektivimizin üzvlərinə versəniz, daha yaxşı olar, çünki mənim bu suala cavab verməyim subyektiv amillərə əsaslana bilər. Ümumən götürsək, kollektivimizdə sağlam mühit, xoş ab-hava var. Gənclik dinamikası ilə yaşlı nəslin təcrübəsinin inteqrasiyası mövcuddur. Hər bir müəllimin və kollektiv üzvünün bir-birinə çox böyük hörməti var. Ona görə də kollektivdə ab-hava yüksəkdir. Hesab edirəm ki, onlar SOCAR ailəsinin, eləcə də Bakı Ali Neft Məktəbinin üzvü olmaqdan şərəf duyurlar. Hər birimiz çalışırıq ki, SOCAR-ın, BANM-in adını, reputasiyasını qoruyaq və ölkədə onun nüfuzunun daim yüksək səviyyədə olmasını təmin edək.
Gender bərabərliyi BANM-də yüksək səviyyədə qorunur. Ali Məktəbdə həm professor-müəllim heyəti sırasında, həm də idarəetmədə xanımlarımız çox aktiv fəaliyyət göstərirlər. Təbii ki, Azərbaycanda təhsil sektorunda xanımlar çoxluq təşkil edirlər. Bir sözlə, müəssisəmizdə də gender məsələsində xanımların üstünlüyü hiss olunur.
Fürsətdən istifadə edərək yeni dərs ilinin başlanması, Bilik Günü münasibətilə bütün təhsil ictimaiyyətini, valideynləri, birinci sinif şagirdlərini, onların valideynlərini, I kursa daxil olan tələbələri, valideynlərini və onları hazırlayan müəllimləri təbrik edir, uğurlar arzulayıram.
"ADNSU" teqi üzrə xəbərlər
- Bəzi universitetlər beynəlxalq reytinqlərdə niyə yer ala bilmir?
- Bakıda universitet yataqxanaları - Şərait və qiymətlər necədir?
- Azərbaycan universitetləri niyə beynəlxalq reytinqlərdə yer ala bilmirlər?
- Universitetdə halı pisləşən tələbəyə polis kömək etdi
- Britaniya səfiri ADNSU-da COP29-la bağlı müzakirələr aparıb - FOTO
Rəylər