Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Emin Məmmədov: “Buzlu şüşə” görüntüsü olan adama “koronavirusa yoluxub” deyə bilmərik” - MÜSAHİBƏ
Bir neçə aydır ölkədə koronavirus pandemiyasına qarşı tədbirlər görülür. Təəssüf ki, atılan addımlar ilkin mərhələdə yoluxma sayının dinamikasına müsbət təsir etsə də, bu gün yoluxma sayında yenidən artım müşahidə edilir. Hər gün 500 nəfərdən çox insan koronavirusa yoluxur.
Səhhətində virusun ilkin simptomlarını hiss edən insanlar isə ya COVID-19 testi verməyə tələsir, ya da kompüter tomoqrafiyasına (KT) müraciət edir. Elə bu səbəbdəndir ki, bu gün KT müayinəsinə müraciət edən insanların sayı xeyli artıb.
Bəs görəsən, insan hər xırda şübhəyə görə KT müayinəsinə müraciət etməlidirmi? Həmin müayinə əsnasında insan bədəninin məruz qaldığı şüalanma başqa xəstəliklərə yol aça bilərmi? Bəs “buzlu şüşə” görüntüsü əslində nədir? Bu və digər suallarımıza cavab almaq üçün həkim-radioloqla həmsöhbət olduq.
Oxu.Az Mərkəzi Gömrük Hospitalının həkim radioloqu Emin Məmmədovla müsahibəni təqdim edir:
- COVİD-19 şübhəsi olan xəstələrin döş qəfəsinin rentgenoqrafiyası və KT müayinəsi tövsiyə olunur. Müayinə zamanı hansı nəticələr koronavirusa yoluxmanı təsdiq edir?
- COVID-19 infeksiyasının diaqnostikasında kompüter tomoqrafiyasının (KT) nəticələrində “buzlu şüşə” mənzərəsinin mövcudluğu ən önəmli faktordur. “Buzlu şüşə”nin hər iki ağciyərin aşağı payında və periferik yerləşməsi diaqnozun qoyulmasında böyük rol oynayır. Koronaviruslu xəstələrin təxminən 90 faizində həmin mənzərə ilə rastlaşırıq.
- Bu gün hər kəsi qorxudan “buzlu şüşə” diaqnozudur. Yalnız bu diaqnoz insanda COVID-19-a yoluxmanı təsdiq edirmi? “Buzlu şüşə” hər zaman koronavirus deməkdir?
- Bilirsiniz, “buzlu şüşə” görüntüsünün aşkarlanması təkcə koronavirus infeksiyasına xas olan spesifik məqam deyil. Əslində, “buzlu şüşə” qeyri-spesifikdir. Bir çox xəstəliklər var ki, onların diaqnostikası zamanı bu mənzərə ilə qarşılaşa bilərik. “Buzlu şüşə” mənzərəsi həm infeksion xəstəliklərdə, həm ağciyər ödemində və digər bir sıra xəstəliklərdə müşahidə edilir. Eyni zamanda, ağır travmadan sonra zədələnən ağciyərdə qansızma olduqda, bu da KT müayinəsi zamanı “buzlu şüşə” kimi görünə bilir. Bu misalı ona görə çəkirəm ki, KT müayinəsində “buzlu şüşə” görüntüsü olan adama 100 faiz “koronavirusa yoluxub” deyə bilmərik. Ona görə də, burada əsas məsələ “buzlu şüşə” mənzərəsi ilə yanaşı, xəstənin anamnezini, klinik və laborator müayinələrinin nəticələrini kompleks şəkildə incələmək və dəyərləndirməkdir. Yalnız xəstənin ümumi müayinələrinin nəticələri qiymətləndirildikdən sonra yekun diaqnoz qoyub, onun COVID-19-a yoluxub-yoluxmadığını demək mümkündür.
- Ümumiyyətlə, “buzlu şüşə” mənzərəsi daha sadə dildə necə izah oluna bilər?
- Bu gün daha çox koronavirusun diaqnostikası zamanı qarşılaşdığımız “buzlu şüşə” mənzərəsi vətəndaşlar tərəfindən qəribə qarşılanır. Buna bəzən “buzlu şüşə” sindromu da deyirlər, “buz kristalı”, “buz parçası” da adlandırırlar. Bu ad insanlarda təlaş, narahatlıq yaradır. Amma bu halın tibbi cəhətdən izahı KT müayinəsi zamanı ağciyərlərin bulanıq görünməsidir. Hazırda “buzlu şüşə” görüntüsü koronavirus pnevmoniyasının əsas radiodiaqnostik əlaməti hesab edilir.
Çünki normalda müayinə zamanı ağciyərlər tam şəffaf, havalı görünür. Ağciyərlərin görüntüsü yarımşəffaf, bulanıq, sanki dumanlı formada izlənildiyində isə buna “buzlu şüşə” mənzərəsi deyirik. Amma bu zaman ağciyərlərin strukturu, pulmonar damarlar, bronxlar aydın müşahidə edilə bilir.
- Həkimlərdən biri COVID-19 infeksiyasının hətta xərçəngə səbəb ola biləcəyini də qeyd etmişdi. Bu ehtimal neçə faiz gerçəkdir?
- Bu məsələ hələ ki, öz təsdiqini tapmayıb. Koronavirus yeni infeksiya olduğu üçün onun gələcəkdə hər hansı başqa xəstəliyə çevrilə bilmə ehtimalını demək tezdir. Bu barədə fikir söyləmək üçün müəyyən qədər fakt olmalıdır. Bildiyim qədərilə nə bizim ölkədə, nə də digər ölkələrdə bu barədə hər hansı hal aşkarlanmayıb. Bu gün COVID-19 virusu özü araşdırılır. Onun gələcəkdə hər hansı başqa xəstəliklərə çevrilə biləcəyi ilə bağlı bir çox ehtimallar səsləndirə bilərik. Amma bunlar sadəcə fərziyyədir, çünki həmin informasiyalar elmi cəhətdən təsdiq edilməyib. Bu kimi ehtimallar insanlar arasında əsassız təşvişə səbəb ola bilər.
- Bildiyimiz kimi, KT müayinəsi də müəyyən qədər şüalanmadır. İnsanlar ehtiyat məqsədilə müayinədən keçməyə can atır. Bu qarışıqlıqda əlavə şüalanma orqanizmdə hansı fəsadlara yol aça bilər? KT müayinədən keçən şəxs növbəti dəfə hansı müddətdən sonra təkrarən bu müayinədən keçməlidir? Arada konkret olaraq fasilə müddəti nə qədər olmalıdır?
- Bu barədə hər bir xəstəyə və hər bir xəstəliyə fərdi yanaşılır. Vəziyyətdən asılı olaraq protokoldan kənaraçıxma halları olur. Məsələn, xəstənin vəizyyəti qəflətən kəskinləşirsə və mövcud vəziyyətin qiymətləndirilməsi üçün KT müayinəsi zəruridirsə, bu zaman dərhal tətbiq edilir. Bu zaman artıq nəzərə alınmır ki, iki həftə ərzində həmin xəstənin ikinci və ya üçüncü KT müayinəsidir. Həyati zərurət olduqda müayinələrin sayı ikinci plana keçir.
Ümumiyyətlə, Böyük Britaniyanın səhiyyə sistemində KT müayinəsi ilə bağlı illik doza üzrə normativ təyin edilib. Həmin normativə əsasən, il ərzində bir xəstənin bədənindən keçə biləcək radiasiyanın maksimum dozası 20 millizivert (mSv) təyin edilib. Bu illik doza çərçivəsində şüalanma insana heç bir mənfi təsir göstərmir. Amma KT müayinələri arasında şüalanma dərəcəsi də fərqlidir. Məsələn, döş qəfəsinin bir KT müayinəsində insan bədəni 7 mSv rentgen şüası alır. Beynin KT müayinəsi zamanı isə pasiyentin bədəni 2 mSV rentgen şüası qəbul edir. Yəni il ərzində bir pasiyent 3 dəfə döş qəfəsi KT çəkdirsə və ya 10 dəfə beyin KT etdirsə, bədənin normativ üzrə ala biləcəyi rengen şüasını almış olur.
Amma bu, o demək deyil ki, il ərzində normativdən artıq beyin KT mayinəsindən keçmək olmaz. Odur ki, belə məsələlərlə bağlı təşvişə düşmək lazım deyil. Sadəcə, illik normativ şüanı almış pasiyentlərin gələcəkdə digər insanlardan fərqli olaraq, onkoloji xəstəliklərə tutulma ehtimalı çox az, cəmi 0,14 faiz artır.
- KT müayinələri orqanizmdə mövcud olan hər hansı xəstəliyin gedişatını sürətləndirə bilirmi?
- Xeyr, bu müayinələr zamanı bədənin qəbul etdiyi şüanın miqdarı o qədər azdır ki, heç bir mənfi təsiri olmur. Ümumiyyətlə, bəhs etdiyimiz müayinələr heç bir xəstələyin gedişatını tətikləyəcək təsirə malik deyil.
- Sağalan insanların sayı artır və bu, sevindirici haldır. Koronavirusdan sağalmış insanda KT müayinəsində “buzlu şüşə” mənzərəsi qətiyyən müşahidə edilmir, yoxsa əvvəl olduğundan daha az olur?
- Burada ilk növbədə xəstəliyin ağırlıq dərəcəsi əsas kimi götürülür. Əgər ağciyərlərin çox az, təxminən 1-5 faizə qədər hissəsi zədələnibsə, zəif “buzlu şüşə” mənzərəsi müşahidə edilibsə və vaxtında düzgün müalicə gedibsə, çox hallarda iz qalmır. Bu, yüngül dərəcə hesab olunur və müalicədən sonra xəstəlik tamamilə sorulub gedir. Gələcəkdə iz, fəsad qalmır.
(KT müayinəsində ağciyərin 1-5 faizlik hissəsində “buzlu şüşə” mənzərəsinin görünüşü)
Əgər ağciyərin 25-50 faizində “buzlu şüşə” mənzərəsi müşahidə edilirsə, biz bunu xəstəliyin orta dərəcəsi kimi qiymətləndiririk.
(KT müayinəsində ağciyərin 25-50 faizlik hissəsində “buzlu şüşə” mənzərəsinin görünüşü)
Yox, əgər virus ağciyərin 50-75 faiz və daha çox hissəsini zədələyibsə, vəziyyət fərqli olur. Biz bunu xəstəliyin orta və ağır dərəcəli gedişi kimi qiymətləndiririk. Bu zaman ağciyərlərdə müayinə fonunda “buzlu şüşə” mənzərəsi ilə yanaşı, orqanın strukturunun görünüşü, havalılığı itə bilər. Zamanla həmin izlər fibrozlaşmağa başlayır.
(KT müayinəsində ağciyərin 50-75 faizlik hissəsində “buzlu şüşə” mənzərəsinin görünüşü)
- Bəs bu vəziyyətdə yoluxuculuq qabiliyyəti hələ də mövcud olurmu? Ya da həmin izlər gələcəkdə xəstəliyin yenidən alovlanması və ya hansısa başqa xəstəliklərin yaranmasına səbəb ola bilərmi?
- Xeyr, xəstəlik tamamilə ölür, bədəndən sorulur. Yoluxuculuq mümkün deyil. Sadəcə olaraq, KT müayinəsi zamanı həmin zədələnmələrin çapıqvari izləri qalır. Müayinələr zamanı biz pasiyentlərə bu barədə məlumat veririk ki, nə vaxtsa sizdə belə bir xəstəlik olub və izləri qalıb.
O ki qaldı hər hansı xəstəliyin yaranmasına, ola bilər ki, gələcəkdə xroniki öskürək, nəfəs darlığı kimi problemlərə yol açsın. Yenə də deyirəm, bu, birmənalı olaraq ağciyərlərin 40-50 faizlik və daha böyük payının zədələnməsinə aiddir.
- Həkim, bəs ağciyərlərdə müşahidə edilən 5-10 faiz arası “buzlu şüşə” mənzərəsi müalicəsiz keçə bilərmi? Bəzən insanlar yüngül soyuqdəymə kimi başa düşüb, müalicə etmir və ya müalicəyə gec başlayır.
- Xeyr, bu, düzgün deyil. Pasiyent KT müayinəsinə müraciət edir. İlkin nəticədə ağciyərlərin çox az hissəsində zədələnmə (“buzlu şüşə”) aşkarlanır. Müalicə məsələsinə səhlənkar yanaşıldıqda xəstəlik irəliləyir. Pasiyentlərdən birində belə bir hal olmuşdu. Müalicəni gecikdirdiyi üçün daha ağırlaşmış vəziyyətdə yenidən müraciət etdi. Artıq bu zaman ciyərlərin daha böyük payında “buzlu şüşə” müşahidə edildi. Odur ki, bu, adi qrip deyil, vaxtında düzgün müalicəyə başlamaq lazımdır ki, nəticə yaxşı olsun.
Xəstəliyin gedişatında və sağama prosesində orqanizmin immun sisteminin də böyük rolu var. Lakin bütün hallarda səhlənkar yanaşmaq olmaz. Həkim təyinatı olmadan müalicə olunmaq, hər hansı antibiotiki qəbul etmək olmaz. Antibotik müalicəsi müəyyən kurs şəklində aparılmalıdır ki, qanda konsentrasiyası pozulmasın. Əks təqdirdə, heç bir effekt almaq olmur. Eyni zamanda, müəyyən müddətdən sonra orqanizmdə artıq həmin antibiotikə qarşı rezistentlik yaranır və dərmanın təsir gücü olmur.
- Bəs KT müayinəsi zamanı kliniki göstərişlərdə dəyişikliklər özünü hansı müddət aralığında büruzə verir?
- Əslində, xəstəni hospitaldan evə buraxan zaman müəyyən prosedur qaydaları var. PCR testinin nəticəsi mənfi (neqativ) olmalıdır, kliniki göstəricilərində yaxşılaşma olmalıdır və həmin dövrə görə heç bir simptom qalmamalıdır. Radioloji görüntülərin saxlanılması isə ikinci dərəcəli əhəmiyyət daşıyır. Virus bədəndən sorulur, lakin onun bədəndə qoyduğu zədələnmələrin aradan qalxması üçün iki həftəlik müddət çox azdır. KT müayinəsi zamanı ciddi dəyişikliklərin, sorulmaların müşahidə edilməsi üçün ən azı bir ay müddət lazımdır. Ağciyərlərdən sorulma prosesi bir qədər uzun zaman alır.
- Siz öz praktikanızda koronavirusdan sağalan insanın yenidən bu xəstəliyə yoluxması faktı ilə qarşılaşmısızmı?
- Xeyr, mən öz praktikamda belə halla rastlaşmamışam. Düşünürəm ki, heç ölkəmizdə də belə məqamla qarşılaşan olmayıb. Amma dünya mətbuatına baxsaq, Çində COVID-19-dan sağalan şəxsin yenidən yoluxması barədə bir sıra məlumatlara rast gəlmək olur. Amma bu, kütləvi deyil, bir neçə fakt kimi qeyd edilib.
Bəlkə də, bu səbəbdən deyirlər ki, koronavirusa yoluxan insanın immun sistemində yaranan anticisimlər orqanizmdə cəmi 2-3 ay yaşayır. Bu müddət keçdikdən sonra yenidən yoluxma ehtimalının olduğu vurğulanıb. Amma bu günə qədər ölkəmizdə belə hal yaşanmayıb.
Könül Cəfərli
Yazı “Nar mobile” şirkətinin və TƏBİB-in “Günün Qəhrəmanları” mövzusunda elan etdikləri müsabiqəyə təqdim edilir.
"Çin" teqi üzrə xəbərlər
- Çində onlayn oyunun qalibləri milyonlarla dollar mükafat aldılar
- Çində bıçaqlı hücum: 8 nəfər ölüb, 17 nəfər yaralanıb
- Çində kişi avtomobili insanların üzərinə sürdü: 30-dan çox ölən, 43 nəfər yaralanan var
- Çində bir kişi eyni yaşayış kompleksində beş qadınla sevgili olub
- Çində körpələri ağladan azərbaycanlı: "Bu qərarı vermək o qədər də asan olmadı"
Rəylər