ANS TV-nin “Adam içində” verilişində adı açıqlanmayan xalq artistinin əmisinin küçələrdə səfil həyatı sürməsinin müzakirəyə çıxarılması səs-küyə səbəb olub.
Oxu.Az ANS TV-yə istinadən xəbər verir ki, hələ də gündəmdə olan mövzunun müzakirəsi dünən də davam etdirilib.
Verilişin aparıcısı Elgiz Əkbər bu qocanın dəfələrlə efirə çıxarılmasının bəzi televiziya tamaşaçıları tərəfindən xoş qarşılanmadığını əsas gətirərək, məsələyə aydınlıq gətirdi.
Verilişin aparıcısı Elgiz Əkbər şəhərin mərkəzində parkların birində məskən salmış sözügedən qocanın Qocalar evinə yerləşdirilməsində çətinlik çəkdiklərini açıqladı: “Bizi qınayırlar ki, o kişini niyə dəfələrlə efirə çıxarırsız, aparın Qocalar evinə qoyun. Qocalar evinə qoca şəxsi yerləşdirmək çox çətindir. Kənardan baxana bu, asan görünür. Əslində isə çox çətin prosedurdur. Çoxlu sənədlər tələb olunur ki, bunun da içində həmin şəxsin doğmalarının, övladlarının imtina ərizəsi lazımdır. Sənədlər bir yana qalsın, orada yer tapmaq da mümkünsüz olub. Təmir işləri ilə əlaqədar olaraq artıq bir otaqda 8-10 nəfər məskunlaşıb. İctimai qınaq böyük silahdır, Qocalar evinin rəhbərliyindən xahiş edək ki, bu qocanı ora yerləşdirmək üçün bizə güzəşt etsin”.
Küçələrdə qalmış xalq artistinin əmisi iddia edir ki, onun özünün övladları yoxdur və həmin xalq artisti onun var-dövlətini ələ keçirərək özünü küçəyə atıb. Elgiz Əkbər isə həmin xalq artistinin adını açıqlamır. Səbəb kimi isə bunun böhtan ola biləcəyi və həmin xalq artistinin imicinə mənfi təsir edə biləcəyini göstərib.