Ermənistan hərbi birləşmələri Tovuzun Əlibəyli kəndini atəşə tutub.
Oxu.Az xəbər verir ki, kənd sakinlərinin ANS PRESS-ə verdikləri məlumata görə, erməni silahlı birləşmələri ötən axşam saat 22.00 radələrindən kəndi atəşə tutublar. İntensiv atəş 15 dəqiqəyə yaxın çəkib. Atışmada ölən və yaralanan olmasa da, kənddəki evlər zərər görüb.
Sakinlərin bildirdiklərinə görə, hazırda kənddə sakitlik hökm sürür.
Xatırladaq ki, erməni silahlı bölmələri sırağa gün də Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində, Berd rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Ayqepar kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Muncuqlu, Əlibəyli və Hacıalılı kəndlərində yerləşən mövqelərimizi atəşə tutublar.
Ağdam rayonunun Yusifcanlı, Şıxlar, Baş Qərvənd, Mərzili, Sarıcalı, Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı, Aşağı Veysəlli, Xocavənd rayonunun Kuropatkino, Goranboy rayonunun Tapqaraqoyunlu kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.