Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

"Əs-Sirə ən-Nəbəviyyə" kitabı ilk dəfə Azərbaycan dilində təqdim edilib
Məhəmməd (s.ə.s.) peyğəmbərin həyatından bəhs edən "Əs-Sirə ən-Nəbəviyyə" kitabı ilk dəfə Azərbaycan dilində təqdim olunub.
Oxu.Az xəbər verir ki, islam dünyasının ən önəmli əsərlərindən biri sayılan Əbdül-Məlik İbn Hişamın "Əs-Sirə ən-Nəbəviyyə" kitabının ilk dəfə Azərbaycan dilinə tərcüməsi müqəddəs Ramazan ayı ərəfəsində geniş ictimaiyyətə təqdim edilib.
Əsər Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin Ərəb dili kafedrasının müdiri, filologiya elmləri doktoru Vüqar Qaradağlının elmi rəhbərliyi altında çap olunub. Kitab filologiya üzrə fəlsəfə doktoru Heybət Heybətov və müəllim Mais Ağaverdiyev tərəfindən ərəb dilindən Azərbaycan dilinə tərcümə olunub.
Təqdimat mərasimində əsər haqqında məlumat verən tərcüməçi-müəllim Mais Ağaverdiyev deyib ki, kitab Məhəmməd (s.ə.s.) peyğəmbərin həyatı, fəaliyyəti və irsindən bəhs edir:
"Kitabda peyğəmbərin erkən yaşlarındakı həyatı, onun Mədinəyə hicrəti, yenidən Məkkəyə qayıdışını əhatə edən 500-dən çox hadisə barədə zəngin hadisələr təfsilatı ilə qələmə alınıb. Əsərdə peyğəmbərin həyatı dövründə baş verən tarixi hadisələr barədə dolğun məlumatlar və islamın yaranma dövrünə dair geniş bilgilər oxucuya təqdim edilir.
Məhəmməd (s.ə.s.) peyğəmbərin tərcümeyi-halı ilk dəfə Mühəmməd İbn İshaq əl-Mədəni (699-769) tərəfindən qələmə alınıb. İbn İshaq peyğəmbərin yaşadığı dövrə zaman kəsiyində ən yaxın mənbə hesab olunduğu üçün "Əs-Sirə ən-Nəbəviyyə"nin müəllifi İbn Hişam öz rəvayətində məhz bu əsərə istinad edir. "Əs-Sirə ən-Nəbəviyyə" müqəddəs kitab və hədislərdən sonra islam dünyasında peyğəmbərin həyatını əks etdirən dəqiq mənbə hesab olunur və əhəmiyyət dərəcəsinə görə Qurani-Kərim və hədislərdən sonra islam elminin üçüncü ən etibarlı qaynağı sayılır. Bu baxımdan, kitab dərs vəsaiti kimi tələbələrə tövsiyə oluna bilər".
Qeyd edək ki, kitab Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin razılığı əsasında "Şərq-Qərb" mətbəəsində çap olunub. Təqdim olunan əsər "Ali və Nino", "Libraff" və "Baku Book Center" şəbəkələri başda olmaqla bir çox kitab mağazalarında satışdadır.
