“Əgər Azərbaycanın imzaladığı və təsdiqlədiyi beynəlxalq sənədlər və konvensiyalardan danışsaq, o zaman biz seksual azlıqların hüquq və azadlıqlarına da hörmətlə yanaşmalıyıq, yəni, onların toplaşma hüququ, cəmiyyətdə təhlükəsizlik hüququ, yaşamaq hüququ və sair olmalıdır”.
Bu barədə “Exo”ya Qadın Böhran Mərkəzinin direktoru Mətanət Əzizova bildirib.
“Lakin dini və milli adət-ənənələri nəzərə alaraq, bizim ölkəmizdə seksual azlıqlara qeyri-adi münasibət var. Bu, ötən il Azərbaycanda keçirilən Eurovision ərəfəsində açıq-aşkar görünürdü. Belə insanlar cəmiyyətdə, işdə, ali məktəblərdə problemlərlə qarşılaşa bilərlər, ona görə də, bu gün eynicinsli nikahlara icazə haqqında məsələnin qaldırılması çox tezdir. Eynicinsli valideynlərin uşaqları övladlığa götürmələrinə icazə haqqında məsələni də müzakirə etmək hələ tezdir. Bu, hətta hüquqi baxımdan da qeyri-mümkündür, çünki bizdə “eynicinsli nikah” hüquqi termin yoxdur. Bu barədə danışmağa başlamazdan əvvəl cəmiyyəti məlumatlandırmaq, tərbiyələndirmək lazımdır. Əgər indi bu məsələni qaldırsaq, seksual azlıqlara münasibətdə aqressiya daha çox artacaq. Bu addım indi atılarsa, o zaman belə valideynlərin övladlığa götürdüyü uşaqlar cəmiyyətdə təzyiqlərə və psixiki zorakılığa məruz qalacaq, məktəbdə mənfi münasibətlə qarşılaşacaq” – deyə, eskpert bildirib.
Bununla yanaşı, bir müddət əvvəl yayılan xəbərə görə, Ailə, qadın və uşaq problemləri üzrə dövlət komitəsi uşaqların övladlığa götürülməsi sahəsində qanunvericilik aktlarının sadələşdirilməsi üzrə təkliflər hazırlayıb. SalamNews-un məlumatına görə, bu barədə jurnalistlərə Dövlət komitəsinin rəhbəri Hicran Hüseynova bildirib. Onun sözlərinə görə, uşaqların övladlığa götürülməsi prosedurlarının sadələşdirilməsi daha çox uşağın ailələrdə böyüməsinə gətirib çıxaracaq. Lakin eyni zamanda, uşaqları hər adama övladlığa vermək olmaz.
“Təcrübəmizdə belə hadisə olub ki, yarım ildən sonra ailə övladlığa götürdüyü uşağı qaytardı, çünki ona tərbiyə vermək iqtidarında deyildilər. Beləliklə, uşaq iki dəfə stress yaşadı. Bu sahədə xeyli problemlər var” – Komitə rəhbəri vurğulayıb.
Qeyd edək ki, bundan əvvəl Rusiya dövlətinin başçısı Vladimir Putin ölkəsində yetimlərin xarici dövlətlərin eynicinsli vətəndaşları tərəfindən övladlığa götürülməsinə qadağa barədə fikirləri dəstəkləyib. Onun rəyinə görə, bu, Rusiyanın normalarına ziddir.
“Biz tərəfdaşlarımıza hörmətlə yanaşırıq, lakin Rusiyanın mədəni ənənələri, həmçinin etik, qanunvericilik və mənəvi normalarına hörmətlə yanaşmağı xahiş edirik” – deyə, o, bəyan edib.
Exo
Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin