Küçədə sağlamlıq imkanları məhdud olan uşaq gördükdə hansı hissləri keçiririk? Valideynlərinə yazığımız gəlir, yoxsa utanc hissi ilə baxışlarımızı qaçırırıq? Etiraf etməliyik ki, cəmiyyətimiz indi də uşaq bağçasına və ya məktəbə gələn əlil uşağı gördükdə buna hər zaman düzgün reaksiya verməyi bacarmır. Bu, bizə Sovet İttifaqı zamanından miras qalmış ciddi bir xətadır ki, həmin zamanlar sağlamlıq imkanları məhdud olan insanların sığınacaq yeri ixtisaslaşdırılmış xüsusi müəssisələr idi. Ümumilikdə isə o zaman cəmiyyətdə elə təəssürat yaranmışdı ki, aramızda əlillərin sayı azdır və ya ümumiyyətlə, yoxdur.
Oxu.Az xəbər verir ki, “Ailələrin inkişafı üzrə maarifləndirmə” İctimai Birliyi və Analar Birliyinin (“Active Moms Club”) təşəbbüsü ilə hazırlanan “Fərqli bənzərlər” adlı sosial layihənin məqsədi əlilliyi olan uşaqların aramızda yaşamasını, onların bizlərdən biri olduğunu tanımaqdır.
Sözügedən layihənin məqsədi, fiziki və digər imkanlarından asılı olmayaraq, bütün uşaqların bərabər olduğu inklüziv cəmiyyətin formalaşdırılmasıdır.
“Fərqli bənzərlər” sosial layihəsi çərçivəsində Daun sindromu ilə yaşayan uşaqların iştirakı ilə videoçarx çəkməklə yanaşı, bir fotoreportaj hazırlanıb. Onlar adi uşaqlarla çox fəal ünsiyyət qurublar: birgə oyunlar oynayıblar, söhbət ediblər, rəsm çəkiblər, musiqi alətlərində ifa ediblər.
Sosial layihə sağlamlıq imkanları məhdud olan uşaqların yaşadığı dünyaya nəzər salmağa, onların hekayələrini öyrənməyə imkan yaratdı. Həmin uşaqların valideynləri bu cür mehriban və dünyaya açıq körpələrin anası və ya atası olmağın xoşbəxtliyindən danışdılar. Biz onlara cəsarətinə və əzminə, uşaqlarının gələcəyi naminə hər gün apardığı mübarizədən geri çəkilmədiyinə görə, bəlkə də, mübarizəyə yeni başlayacaq valideynlər üçün örnək olduqlarına görə minnətdarlığımızı bildiririk.
Qeyd edək ki, sözügedən layihə Bakıda Fəal Uşaqlar Klubunun (“Active Kids Club”) açılış gününə təsadüf edir. Klubun fəaliyyət istiqamətlərindən biri də fərqli xüsusiyyətləri olan uşaqlar üçün adi uşaqlarla keyfiyyətli zaman keçirmək, onlarla ünsiyyət qurmaq və inkişafetdirici oyunlara, məşğələlərə və gəzintilərə qoşulmaq imkanının yaradılmasıdır. Bunun üçün Klubda müvafiq şərait yaradılacaq, xüsusi mütəxəssislər dəvət olunacaqdır.
Adi qeyri-adi uşaqların hekayələri
Barsukova Darya, 9 yaş.

Anası Maya belə söyləyir: “Daşa çox arzuedilən və səbirsizliklə gözlənilən uşaq idi. Daun sindromu diaqnozu qulaqlarımızda aydın səmada qəfil çaxan ildırım kimi səsləndi. Özümüzü itirsək, qorxmuş olsaq da, qəlbimizin dərinliklərində ümid edir və inanırdıq ki, bu, bir səhv ola bilər. Bizim ailədə bu cür sindromla uşaq doğula bilməz axı... Yalnız bu, bir səhv deyildi, möcüzə baş vermədi. Emosiyalarımız tədricən soyudu. Bundan belə, əhəmiyyət kəsb edən tək şey bir qızımız, bir də onun ən çox ehtiyacı olan biz, valideynləri idik.
Bizim Daşulyamız çox diqqətli, həssas, qayğıkeş, hər şeyə maraq göstərən bir qızdır. İstənilən kollektivdə, istər bağçada, istərsə də məktəbdə onun əhatəsində xeyirxahlıq və xüsusi simpatiya aurası yaranır. O, öz davranışı, xeyirxahlığı və açıqlığı ilə tək böyükləri deyil, həm də uşaqları tərbiyə edir. Belə uşaqları əbəs yerə “nur saçan” uşaqlar adlandırmırlar. Onlar, doğrudan da, kiçik nur topları kimi həyatımızı işıqlandırır, bizi daha xeyirxah, olduğumuzdan daha yaxşı və təmiz insanlara çevirirlər”.
Bəkirov Tamerlan, 10 yaş.

Bəkirovlar ailəsi, anası Mədinə və atası Pərviz belə söyləyirlər: “Kiçik Tamerlan dünyaya göz açdığı zaman anladıq ki, Daun sindromu ilə yaşayan uşaqlar öz yaşıdlarından fərqlənsələr də, onlardan heç də az xoşbəxt deyillər.
Onun bütün diqqətimizi özünə cəlb edəcək dərəcədə bizə ehtiyacı vardı və biz həyatımızı artıq onsuz təsəvvür edə bilmirdik. Tamik (yaxınları nəvazişlə onu belə adlandırır) bizə hər şeyə qəlbin aynasından baxmağı, əsl əhəmiyyət kəsb edən şeyləri görməyi, mühüm olanı qeyri-mühümdən seçməyi öyrətdi.
Tamikin insanlarla və hadisələrlə zəngin həyatı vardır, o, evdə oturmur. Oğlumuz film izləməyə, teatr tamaşalarına baxmağa gedir, bayramlarda və digər tədbirlərdə iştirak edir. Bazar günləri, vəziyyətdən asılı olaraq, ya parka gedərik, ya təbiətə çıxarıq, ya da qonaq gedərik. Tamerlanın Yasmin adında kiçik bacısı da var. Onun səkkiz yaşı var, qardaşını çox sevir və Tamerlan ondan çox şey öyrənir”.
Əzizov Eldar, 8 yaş.

Eldarın anası Səidə belə söyləyir: “Qayğısız hamiləlikdən sonra səbirsizliklə gözlədiyimiz oğlum doğuldu. Və ... sükunət çökdü. Dünya bizim üçün “xromosom” adlı mikroskopik hissəcik qədər kiçildi.
Eldar bizim ən sevimli, qayğısız oğlumuzdur. O, çox nəzakətli, qayğıkeşdir, xoş və mülayim davranış tərzi vardır, hamı ilə dil tapır, uşaqlara xüsusi həssaslıqla yanaşır. Onun əsas xüsusiyyəti isə həddindən artıq pozitiv və insansevər olmasıdır. Ailədə kimsəyə dalaşmağa imkan vermir və biri-birimizə səsimizi ucaldanda hamıdan küsür. Böyük bacısı Mədinəyə (10 yaşı var) həddindən artıq bağlıdır.
Atası ilə balıq tutmağa getmək arzusundadır, onun üçün münasib tilov axtarırıq”.
Torqovanova Alya, 8 yaş.

Anası Tatyana belə söyləyir: "Alya bütün hərfləri və rəqəmləri tanıyır, lakin hələ oxuya bilmir. Əzbərdən şeir söyləməyi xoşlayır, bu, çox aydın alınmasa da, ifadəli səslənir. Rəqs etmək, qonaq getmək, dənizə getmək də onu çox sevindirir. Uşaqları çox sevir.
Daim hərəkətdədir, qaçır, rəqs edir, gülür, bizə nə qədər sevinc bəxş edir. Onsuz həyatımız rəngsiz olardı, çox sevirik onu, o isə ən çox nənəsini sevir. Nənəsi onunla mütəmadi məşğul olur, Alya ilə çox vaxt keçirir.
Alyanın səhhəti ilə problemi var idi, o, ürək qüsuru ilə doğulub, iki əməliyyat keçirib. Bu gün mən fəxrlə deyə bilərəm ki: “Bizim Alyamız güclü insandır".
Cəfərzadə Fuad, 8 yaş.

Anası İnna belə söyləyir: “Yaxınları və qohumları onun uğurlarına çox sevinirlər. Özü geyinir, yatağını müstəqil olaraq yığır, yeməkləri masaya özü düzür. Hal-hazırda çəkmələrimizin bağını bağlamağı öyrənirik. Məktəbdə yaxşı oxuyur, əla yaddaşı var, oxuya, yaza, hesablaya bilir. Qadjetləri sevir və mən bununla artıq barışmışam: hər bir uşağın pis vərdişləri vardır.
Bu il birinci sinifə getdi. Ürək əməliyyatı keçirdi, sənədli filmə çəkildi, xalçaçılıq dərnəyinə yazıldı.
Mən oğlumun tərbiyəsinin asan məsələ olmadığını gizlətmirəm. Lakin buna baxmayaraq, bu gün biz həyatımızı adi qaydada davam etdirməyə çalışırıq və demək olar ki, artıq bunu bacarırıq”.
Layihənin təşəbbüs qrupu:
Təşkilatçılar – Ruqiyə Əşrəfli və Zarina Oruc
Çəkiliş komandası – Simon Peter və “MediSha”
A.S.
www.oxu.az